Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb, şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı vətəndaşın ayağındakı ayaqqabının hər iki tayında 5 ədəd bükümdə ümumi çəkisi 56 qram olan narkotik vasitə – heroin, çəkisi 31,5 qram olan psixotrop maddə – metamfetamin, 19 ədəd üzərində “M40” yazısı olan metadon adlı həb aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.