Ayağı yoxdur, amma “jim” üzrə rekord vurub – Zakın ümid dolu həyatı

0
549

Amerikalı 28 yaşlı Zak Rul ayaqlarını itirməyinə səbəb olan nadir sümük xəstəliyinə baxmayaraq, bodibildinqdə və krossfitdə nəticələr əldə edə bilib. O, bütün bunları bəhanə axtarmayan beyni və bu düşüncəsində ona kömək olan anası sayəsində bacardığını deyir.

Oxu.Az həyatı hamı üçün nümunə sayıla biləcək Zak Rul haqqında bəzi məqamları təqdim edir:

Dünyaya sümükləri kövrək halda gələn Zakın həyatını xilas etmək, yaşamasını təmin etmək üçün həkimlər ayaqlarını amputasiya etmək məcburiyyətində olublar. O vaxt Zakın 2 yaşı olub.

Buna baxmayaraq, o, həyatını dolu-dolu yaşayıb, bodibildinqlə, sonra krossfitlə məşğul olub.

Valideynləri Zakı adi, bütöv bir uşaq kimi böyütməyə çalışıblar. İstəyiblər ki, nə onun özünə yazığı gəlsin, nə də ətrafında özünə təsəlli axtarsın. Əlilliyinə fikir verməyən Rul isə aktiv həyat tərzi keçirməyin vacibliyinə inananlardan olub.

Zak müsahibələrində bir çox şeydə anasına borclu olduğunu bildirib:

“Anam mənə heç vaxt “yox” deməyib, hətta mən futbol oynamaq istəyəndə də”, – o bildirir.

Uşaq yaşlarından Zakın anası onun fiziki olaraq aktiv qalması üçün hər şey edib.

İdman zalına əlil arabasında yollanan Zakı görən məşqçilər şoka düşüblər, əvvəlcə onunla işləməkdən imtina ediblər, ona görə məsuliyyət götürmək lazım olduğunu bildiriblər.

Məktəbdə məşqçilər tərəfindən həvəsdən salınan Zak deyir: “Onlar oynamağımı istəmirdilər, elə bilirdilər ki, ağrıyacağam”.

Məktəb zalının divarında ağır çəki dərəcələri ilə işləyən idmançıların rekord nəticələrindən ibarət cədvəl olub. Zak da qarşısına məqsəd qoyub ki, ən yaxşılardan olacaq və yarışmağı sevən ruhu ilə ardıcıl bir neçə il həmin cədvəldə siyahıya başçılıq edib. 70 kiloda Zak ağır çəki ilə “jim” üzrə milli rekord vurub – 204.57 kiloqram.

Sonralar Zak özünün idman zalını yaradıb. “Mənim idman zalımda “bacarmıram” sözü işlənmir. Buraya gələndə o söz lüğətdən silinir”, – deyə Zak şərh edib.

Zak əlillərin nə hisslər keçirdiyini çox yaxşı başa düşür: onlar özlərini hansı sahədə yoxlayacaqlarını bilmirlər, bütün həyatlarının əlil kreslosunda keçəcəyini düşünürlər, “ümid yoxdur” sanırlar.

O isə şagirdlərini bu düşüncə səviyyəsinə gətirib çıxarmaq istəyir: özünüzün özünüzə olan və kənardan sizə olan yazıqlıq hissi əsas düşmənlərinizdir.

Zakın şagirdləri onun müəllim kimi sərt olduğunu bildirirlər, amma həm də məhz bu cür davanışın sağlamlığında problem olan şəxslərə inanılmaz nəticələr əldə etməyə səbəb olduğunu deyirlər.

Bu gün o, digərlərini motivasiya etməklə məşğuldur. Zak məhdud imkanlı şəxsləri də idmana cəlb edir və onları məşq etdirir.

İnsanların onun Texasda yerləşən “CrossFit” zalında pulsuz məşq etmələrinə də şərait yaradılır.

“Instagram”da o, “pitbullruhl” adı ilə tanınır.