Hər iki partiya üzvü barəsində məhkəmə qərarı çıxarıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı Nicat Abdullazadəyə də 30 sutka inzibati həbs cəzası verildi. Bununla da son iki gündə AXCP-nin 30 sutka həbsə göndərilən fəallarının sayı dörd oldu.
N.Abdullazadə haqqında həbs qərarını Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyev çıxarıb.
AXCP üzvü İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə təqdirli bilinib.
Partiyadan Meydan TV-yə bildirilib ki, N.Abdullazadə aprelin 10-da günorta saatlarında evinin yaxınlığında saxlanılıb. O, polis bölməsinə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin həm 535.1, həm də 211-ci ((Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrilə protokol tərtib olunub.
“Hakim İnzibati Xətalar Məcəlləsinin 535.1 maddələsilə 30 sutka cəza təyin edib, 211-ci maddə ilə inzibati xəta işinə xitam verilib”, – AXCP-dən bildirilib.
Aprelin 9-da AXCP-nin iki üzvü – partiya sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli və inzibati əsaslarla mühafizəçisi Ruslan Əmirov ayrı-ayrılıqda hər biri 30 sutka həbsə göndərilib. F.Əmirli aprelin 8-də evinin yaxında, R.Əmirov isə aprelin 9-da xəstə övladını həkimə aparılarkən saxlanılıb. Onların hər ikisi İXM-nin 211-ci maddəsilə cəzalandırılıb.
Aprelin 10-da AXCP-nin daha bir fəalı Natiq İsbatov barəsində də 30 sutkalıq həbs qərarı çıxarılıb. Onun haqqındakı qərarı isə Abşerov Rayon Məhkəməsi verib.