Avstraliya saytı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları barədə geniş məqalə yayıb

0
160

Avstraliyanın “spectator.com.au” saytı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində baş vermiş münaqişənin tarixi barədə məqalə yayıb.
Yazı sentyabrın 28-də bu saytda dərc edilmiş “Bəs Ermənistan haqqında?” adlı məqaləyə cavab olaraq yayımlanıb. Sayt məsələyə aydınlıq gətirilməsi üçün cavab məktubunu dərc edib.
“Bəs Azərbaycan?” adlanan məqalə bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu və Avropa İttifaqının buna reaksiyası ilə başlayır. Xatırladılır ki, hücumun ertəsi günü Avropa Şurasının Parlament Assambleyası Rusiyanı səs vermək hüququndan mərhum edən qərar qəbul edib. Avropa Şurasının üzvü olan 42 dövlət bu qərarı dəstəklədiyi halda yalnız Ermənistan onun əleyhinə səs verib. Ermənistan, həmçinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyən dövlətlər sırasında yer alıb.
Eyni zamanda, rəsmi İrəvan yeganə postsovet ölkəsidir ki, onun İran və Türkiyə ilə sərhədlərini Rusiya hərbçiləri qoruyur.
Məqalədə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, ötən əsrin 90-cı illərində baş verən Birinci Qarabağ müharibəsi nəticəsində ərazilərimizin 20 faizinin işğal olunmasına da toxunulur. Bildirilir ki, bu işğal nəticəsində 700 minədək azərbaycanlı öz ata-baba yurdlarından didərgin düşüb. Həmin vaxt erməni ekspansionizmi Dağlıq Qarabağın erməni əhalisinin “müdafiəsi” ideyasını qorumaq məqsədilə həyata keçirilib. Nəticədə xarici havadarlarının köməyi ilə Ermənistan yalnız Yuxarı Qarabağı yox, ona yaxın olan rayonları da işğal edib.
BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, işğalçı dövlət 30 il ərzində həmin sənədləri icra etməyib.
Münaqişənin başlamasının səbəblərinə toxunan müəllif qeyd edir ki, Moskva tərəfindən qeydə alınmış xronologiyaya əsasən, 1988-ci ilin yanvarında Ermənistanın Qukark və Qafan rayonlarında yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından zorla qovulub. Digər zorakılıq aktları məhz bu hadisələrdən sonra baş verib.
Qeyd edilir ki, Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən 20 mindən çox azərbaycanlı qətlə yetirilib, onların 16 mini mülki əhali olub. İşğalı nəticəsində 3890, o cümlədən 71 uşaq hələ də itkin düşmüş hesab olunur. Ermənistan bu gün də həmin şəxslər barədə məlumat verməkdən imtina edir.
Yazıda 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsinə toxunan müəllif cəmi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.

Məqalədə ermənilərin azad edilmiş ərazilərdə basdırdıqları çoxsaylı minaların yaratdığı problemlərdən də bəhs olunur. Diqqətə çatdırılır ki, azərbaycanlı hərbçilər və mülki vətəndaşlar bu minaların partlaması nəticəsində ya həlak olur, ya da xəsarətlər alırlar.
Qərb ölkələrinin kütləvi-informasiya vasitələrinin məsələni qeyri-obyektiv işıqlandırdığını xatırladan müəllif bildirib ki, əslində münaqişə nəticəsində daha çox azərbaycanlıların əzab çəkməsinə, həlak olmasına baxmayaraq, bəzi KİV-lər ermənilərin guya türklər tərəfindən ikinci soyqırımına məruz qaldıqlarını iddia edir. Lakin bütün faktlar bunun əksini göstərir.
Avstraliyalı oxucuların diqqətini Azərbaycanın çoxmillətli və çoxkonfensiyalı dövlət olmasına cəlb edən müəllif bunun əksi olaraq, bütün xalqların nümayəndələrini öz ərazisindən qovan Ermənistanın monoetnik dövlətə çevrildiyini bildirir. Qeyd edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə burada yaşayan azsaylı xalqların nümayəndələri döyüşüblər.
Məqalədə Cənubi Qafqazın çoxsaylı xalqların vətəni olduğu xüsusi qeyd edilir. Müəllif ümid etdiyini bildirir ki, bütün bu faciələrə baxmayaraq, əvvəl-axır iki qonşu xalq arasında sülh və bərabərlik qalib gələcək.
Avropa İttifaqının bu istiqamətdə səylərini yüksək qiymətləndirən müəllif oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün tezliklə sülh müqaviləsinin imzalanması üçün yaxşı zəmin yaratdığını bildirib.