Avropanın gününü qara edən mafiya

0
442

“Köhnə qitə”nin həbsxanaları gürcü cinayətkar birləşmələrin üzvləri ilə dolub
 
Avropa İttifaqına tamhüquqlu üzv olmağa iddialı Gürcüstan, getdikcə quruma daxil olan ölkələri üçün ciddi bir problemə çevrilir. Problemi yaradan isə gürcü cinayətkar birləşmələridir. Gürcüstanla Assosiativ üzvlük haqqında saziş imzalayan və gürcü vətəndaşlarına Şengen vizası təqdim edən Avropa İttifaqı belə getsə, qərarlarına yenidən baxmalı olacaq.

Bu barədə “Kaspi” qəzetində məqalə dərc edilib.  

Bəllidir ki, gürcü kriminal ünsürlər vaxtilə SSRİ məkanında ən güclü qruplaşma kimi tanınırdı. Postsovet məkanında ən çox məhz gürcü “qanuni oğru”ların olduğu hər kəsə bəlli idi. Lakin nəhəng imperiyanın süqutu ilə cinayətkar ünsürlər daha da aktivləşdilər. Və tam 20 ilə yaxın həm ölkələrində, həm də bütövlükdə postsovet məkanında aktiv fəaliyyət göstərdilər. Mixail Saakaşvili hakimiyyətə gələndən sonra isə Gürcüstanı tərk etmək məcburiyyətində qaldılar. Yeni prezident gözəl anlayırdı ki, bu təhlükə ciddidir. Bu səbəbdən də əsas vəzifə kimi ölkəni “qanuni oğrular”dan təmizləməyi qarşıya qoydu və insafən də bunun öhdəsindən uğurla gəldi. Lakin Gürcüstan bu ünsürlərdən təmizlənsə də, digər ölkələr bundan zərər çəkməkdədir. Gürcüstanın Avropa ilə üzvlük sazişinin imzalanması ilə qitəyə axışan gürcülər “qozbeli qəbir düzəldər” prinsipinə sadiq qaldıqlarını nümayiş etdirməkdədir. Bu dəfə isə meydanda “qanuni oğrul”ar deyil, adi oğrulardır. Qərb mediasının yazdıqlarına görə, cinayətkar ünsürlər Avropa ölkələrinə ciddi problemlər yaratmaqda davam edir. Xüsusən də, gürcü “qanuni oğrular”ın bu kimi əməllərindən narahat olan avropalı siyasilər, Gürcüstanla viza rejiminə yenidən baxmağı təklif edirlər. Avropa İttifaqı Gürcüstana qarşı viza rejimini aradan qaldırandan sonra gürcülər sürətlə Qərbə doğru hərəkət götürdülər. Avropaya ayaq açan gürcülər vətənlərinə dönmək istəmir, orada kriminal işlərlə məşğul olurlar. Rəsmən bəyan edilib ki, oğru dünyasının nümayəndələri olan gürcülər daha çox Yunanıstana toplaşıblar.

Avropanı cənginə alan gürcü oğrular

Son hadisə isə avropalıları özündən çıxarıb və narahatlığı artırıb. Yunanıstan hüquq-mühafizə orqanları Gürcüstanın səkkiz vətəndaşını qarət və oğurluq ittihamı üzrə həbs ediblər. Yerli kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, onların qarət etdiklərinin həcmi milyon avronu keçib. Zərgərlik, antikvar məmulatları, mobil telefonlar, eləcə də, avtomobillər – Gürcüstanın səkkiz vətəndaşı əllərinə qiymətli nə keçibsə, oğurlamağa üstünlük veriblər. Hüquq-mühafizə orqanları oğurluğun həcmini 900 min avro qiymətləndiriblər. Onlardan beşi kişi, üçü isə qadındır. Nə vaxtdan oğurluq və qarətlərlə məşğul olduqları isə bəlli deyil. “Lakin onlardan bir neçəsi artıq neçə ildir ki, Yunanıstanda yaşayır”. Bunu, saxlanılan şəxslərdən birinin Kaxetiyada yaşayan qohumu bildirib. “Mtavari” kanalına müsahibəsində bildirib ki, baş verənlərdən şokdadır: “Axı biz onu elə tərbiyə edib böyütməmişik. Bəli, pula ehtiyacı var idi. Yoldaşı işləyir, iki uşağı var. Gürcüstanda mebel ustası idi. Bir neçə il bundan əvvəl Gürcüstandan gedib və ondan sonra barəsində heç nə eşitməmişəm”. Polis əməliyyatı eyni vaxtda 18 vilayətdə keçirilib. Yunan kütləvi informasiya vasitələri qeyd edirlər ki, saxlanılan şəxslər birlikdə və razılaşdırılmış şəkildə fəaliyyət göstərirmişlər. Ümumiyyətlə, son aylar əcnəbi nəşrlər tez-tez Avropa ölkələrində Gürcüstandan olan mütəşəkkil cinayətkar qruplaşmalar barəsində yazır.

“Kanonieri Kurdi” əməliyyatı

Bundan əvvəl isə Avropanın bir sıra hüquq-mühafizə orqanları gürcü “qanuni oğruları”nın rəhbərlik etdiyi cinayətkar qruplara basqın edib. Bir neçə əyalətdə misli görünməmiş genişmiqyaslı əməliyyat nəticəsində polis, soyğunçuluq, qanunsuz ticarət və çirkli pulların yuyulması ilə məşğul olan Gürcüstandan olan 45 miqrantı saxlayıb. Yunanıstanla yanaşı, İtaliya, Fransa, Polşa, Belçika və Sloveniyada məskunlaşan “qanuni oğrular”la bağlı əməliyyat altı ay çəkib. İtaliyada hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi əməliyyatı “Kanonieri Kurdi” (“qanuni oğru”) adlandırıblar. Yalnız İtaliyanın Reggio Emilia şəhərində 23 şübhəli nəzarətə alınıb. Fransada polis, basqını “Bratva-35” adlandırılıb: Roche-sur-Yon, Noir, Angers, Bordo və Renn şəhərlərində Gürcüstandan gələn 17 miqrant tutulub. Şübhəlilərin qalan hissəsi Polşa, Belçika və Sloveniyada saxlanılıb. Bundan əvvəl Avropa Komissiyası Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Aİ ərazisindəki fəaliyyətindən narahatlığını ifadə edib. Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında da bu informasiyalar yer alıb. Hesabata əsasən, Gürcüstan vətəndaşları Avropa ərazisində cinayətlərin törədilməsində lider olaraq qalır: “Gürcü mütəşəkkil cinayətkar qruplaşmaları yüksək dərəcədə mobildirlər. Onlar, əsasən mülkiyyətə qarşı cinayətlərə cəlb olunurlar və Fransa, Yunanıstan, Almaniya, İtaliya, İspaniyada aktivdirlər. Onların fəaliyyəti Aİ üçün təhdiddir. Belə ki, onların kriminal bazarlara nəzarəti artır və digər qruplaşmalarla əməkdaşlığı dərinləşir. Gürcüstan, artıq cinayətkar gəlirlərin yuyulması baxımından tranzit ölkə olub”.

“Gürcü oğrular sərt və peşəkarcasına hərəkət edirlər”

Bir neçə gün əvvəl Almaniyanın “Deutsche Welle” nəşri İspaniyadan misal çəkib. Yunanıstan Daxili İşlər Nazirliyində bildirirlər ki, 2016-cı ildə ölkədəki mənzil oğrularının 60 faizi Gürcüstandan vətəndaşlarıdır. Nazirliyin nümayəndəsi Migel Anhel Karransa nəşrə müsahibəsində bildirib ki, gürcü oğrular sərt və peşəkarcasına hərəkət edirlər: “Madriddə və digər şəhərlərdə, əsasən xidmətçilərin olmadığı həyət evləri qarət olunur. Adətən quldur dəstələri səhər tezdən və dörd nəfərlik qrupla fəaliyyət göstərirlər. İki nəfər həyətdə qalır, vəziyyətə nəzarət edir və mobil telefon vasitəsilə əlaqə qururlar. Evdə heç kimin olmadığını müəyyən etdikdən sonra qapını sındırır, siqnalizasiyasını sıradan çıxarırlar. Yalnız pul, saat və zinət əşyalarını oğurlayırlar”.

“Xaricdə həqiqətən də iri cinayətkar qruplaşmalar fəaliyyət göstərir. Onlar əsasən məişət oğruluğu ilə məşğuldur”. Bu sözləri Tbilisi Dövlət Universitetinin nəzdində hüquq və dövlət institutunun əməkdaşı Georgi Qlonti bildirib: “Belə cinayətləri vaxtilə Sovet İttifaqına daxil olan ölkələrdən və Gürcüstandan olanlar həyata keçirir. Onların sayı, xüsusən də son illər miqrantların hesabına artmaqdadır. Mən tez-tez Almaniyaya, Avstriyaya gedir, orada Daxili İşlər Nazirliyindən olan həmkarlarla görüşməli oluram. Məsələn, 90-cı illərin əvvəllərində Almaniyanın həbsxanalarında keçmiş SSRİ-dən mühacir yox idi və indi, məsələn, Frayburq həbsxanası onlarla dolub. Bunlar Qazaxıstandan olan alman repatriantlar və Gürcüstanı tərk edən, qaçqın statusu almağa çalışan, cəmiyyətə uyğunlaşa bilməyən, işləmək istəməyən, parazit olmaq və müəyyən bir gəlir əldə etmək istəyən insanlardır”. Qlonti əlavə edir ki, qanunsuz fəaliyyətlə pul qazanmaq, getdikcə Avropa ölkələrinə səyahət edənləri cəlb edir: “Bunlar heç bir dəyərli peşə keyfiyyətinə sahib olmayan insanlardır, eləcə də, qazancları pandemiya səbəbindən azalmış qara fəhlələrdir. Görünür, pandemiya gündəmin əsas məsələsi kimi ortaya çıxıb. İş yoxdur, geriyə qayıda bilmirlər. Bu səbəbdən də hər şeyə gedirlər. Bu ölkələrin mütəşəkkil cinayətkar qruplarla üzləşmədiklərini nəzərə almaq gərəkdir. Bu səbəbdən də, onlarla mübarizə aparmaq çox çətin olur. Belə dövlətlərdə villalar, evlər elə də yaxşı qorunmur – qapılar şüşəli, siqnalizasiya isə primitivdir. Axı bu tip sakit şəhərlərdə cinayətlər çox az olub. Problem ondadır ki, belə cinayətkar qruplaşmaların üzvlərini saxlamaq çox çətindir”. Ekspert onları “köçəri quldur” adlandırır. Bildirir ki, onlar daimi hərəkətdə olur, bir ölkədən digərinə gedir, olduqları ölkələrdə informasiya toplayırlar. Bu səbəbdən də çox vaxt hüquq-mühafizə orqanları onların yerini müəyyən edə bilmir. Və belə bir vəziyyət də təşviş doğurmaya bilməz.

Strateji və beynəlxalq tədqiqatlar Mərkəzinin eksperti Kaxa Qoqolaşvili də bu qənaətdədir. O bildirir ki, Gürcüstandan olan kriminal elementlərin Avropa İttifaqına üzv olan ölkələrin ərazisində uzunmüddətli qalmaları, artıq narahatlıq doğurmağa başlayıb: “Belə məsələlər əvvəllər də ortaya qoyulub. Məsələn, Almaniya belə bir hədələyici bəyanatla çıxış etmişdi. Başqa ölkələr də belə tip bəyanatlar səsləndirmişdilər. Lakin gürcü hakimiyyət orqanlarının bu cür cinayətkarların ələ keçirilməsində avropalılarla aktiv fəaliyyəti durumu bir qədər dəyişdi. Cinayətkarların izlənilməsi yaxşı həyata keçirilir. Lakin uzunmüddətli perspektivdə bu kimi məsələlər ölkənin Avropa İttifaqına üzvlüyünə neqativ təsir göstərə bilər. Gürcüstan isə 2024-cü ildə belə bir müraciətlə çıxış etmək niyyətindədir. Bu prosesə gürcü hakimiyyət orqanlarının cinayətkarların ələ keçirilməsi prosesinə aktiv qoşulması, informasiya mübadiləsi və Avropa ölkələrində yerləşən Gürcüstan səfirliklərində polis ateşelərinin yerləşdirilməsi kömək edə bilər”.

Tbilisi narahatdır

Rəsmi Tbilisi, vətəndaşları ilə bağlı problemlərin Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin ləğv olunması ilə nəticələnə biləcəyindən narahatdır. Belə bir addımın atılması barədə təşəbbüslə indiyədək Fransa, İtaliya və Almaniyanın daxili işlər orqanları çıxış ediblər. Gürcü əsilli mafiya artıq Yunanıstandakı iqtisadi sektorlara nəzarət edir. Media da buna diqqət ayırmağa başlayıb. Ötən il şərti adı “Qafqaz Normandiyası” olan əməliyyatın ən diqqətçəkən və maraqlı hissəsi Fransanın şimalında və Yunanıstanda yaşanıb. Əməliyyat gedişində polislər 19 ən məşhur kriminal avtoriteti, o cümlədən Laşa Şuşanişvilini ələ keçirib. Laşa Rustavski və yaxud “Gombul” ləqəbli bu şəxs Rusiyanın kriminal dünyasında ən iri fiqur, Yunanıstanda isə “nömrə bir” hesab edilir.

Xatırladaq ki, Saakaşvili dövründə hakimiyyət “qanuni oğru”lara qarşı irimiqyaslı əməliyyatlar keçirdi. Onların bir qismi həbs edildi, digər bir qismi isə deportasiya olundu. Lakin ondan sonra hakimiyyətə gələn İvanişvili dərhal 5 min məhbusu azad etdi. Ən maraqlısı odur ki, Gürcüstanda 6 “qanuni oğru” da amnistiyaya düşərək azad edildi, 20 kriminal avtoritetin cəzası isə yüngülləşdirildi. Cinayətkar qrupların üz tutduqları məkan isə Yunanıstan olub. Yunanıstan Avropanın digər ölkələrinə çıxış kimi istifadə edilir. Nəşrlər yazır ki, “qanuni oğru”ların, hakimiyyəti korrupsiyaya sövq etmək üçün kifayət qədər maddi vəsaiti var və bu, onlara iqtisadiyyata təsir imkanları verir. Mənbə bildirib ki, Yunanıstan 100-ə yaxın “qanuni oğru”nun təsiri altındadır. Hazırda Yunanıstanda 400 minə yaxın Gürcüstan əsilli vətəndaşın yaşadığı deyilir ki, onların da böyük əksəriyyəti ötən əsrin əvvəllərində Osmanlı İmperiyasından əvvəlcə Gürcüstana, oradan isə Yunanıstana köçənlərdir. Onlar müxtəlif dövrlərdə, əsasən də, son bir ildə viza rejimi aradan qaldırılandan sonra Yunanıstana ayaq basıblar.