“Sentyabrda Rusiyanın “Akademik Lomonosov” adlı ilk üzən atom elektrik stansiyası ölkənin Sibir regionunda yerləşən Pevek şəhərinə gətirilib. Rusiyanın atom enerjisi üzrə dövlət şirkəti “Rosatom” bunu pilot layihə adlandırır və zamanla Rusiyada, o cümlədən dünyanın başqa regionlarında – ucuz elektrik enerjisinə ehtiyacı olan Asiya və Afrika ölkələrində oxşar elekrtrik stansiyalarından ibarət donanma yaratmağa ümid edir”, – Samuel Furfari (Samuele Furfari) “Project Syndicate” nəşrində yazır.
Milli.Az xpressa.net-ə istinadən bildirir ki, kiçik modul reaktorlar (KMR) nəinki ayrı-ayrı rayonlarda, eyni zamanda yerüstü atom elektrik stansiyalarının tikintisinə hazır olmayan, inkişaf etməkdə olan ölkələrdə təmiz elektrik enerjisi istehsal etməyə imkan yaradacaq.
“Lomonosov” istismara verildikdən sonra dünyanın ən kiçik və ən şimalda yerləşən atom elektrik stansiyası olacaq. Amma tezliklə onun rəqibləri meydana çıxa bilər. Bu gün ABŞ, Cənubi Koreya, Rusiya, Fransa, Çin, Argentina, Yaponiya və Hindistan alimləri 50 müxtəlif KMR layihəsi üzərində işləyir.
Məqalədə deyilir ki, ətraf mühitə və insanlara dəyə biləcək risklərə görə atom enerjisinə qarşı çıxan “Greenpeace” təşkilatı “Lomonosov” stansiyasının uzaqda yerləşməsini və gözlənilməz Arktika iqlimini vurğulayır. Son on ilin digər atom layihələrində olduğu kimi bu qrup debatlarda yenidən lazımlı təsiri göstərə bilib. Bu arada, atom enerjisi sahəsində həqiqətən ekspert biliklərinə sahib olan şəxslər açıq-aşkar bildirirlər ki, “Greenpeace” təşkilatının seçdiyi qorxutma taktikası “elmi cəhətdən öz təsdiqini tapmayıb”.
“Greenpeace” kimi qrupların təzyiqinə davam gətirə bilməyən qərb ölkələri Rusiya və Çindən geri qalmağa başlayır. Məsələn, Rusiyanın “Rosatom” şirkəti inkişaf etmiş ölkələrdə atom enerjisinin marketinqi üzrə artıq qlobal liderə çevrilib: Hindistan, Çin və Belarus daxil olmaqla müxtəlif ölkərlərdə onun yüzdən çox layihəsi var.
BMT-nin İqlim dəyişiklikləri üzrə ekspertlər qrupunun (IPCC) məlumatına əsasən, karbon neytrallığı baxımından atom enerjisi yalnız yerüstü külək enerjisinə uduzur, çünki bir saatda istehsal edilən elektrik enerjisinin miqdarına görə onun median karbon tullantıları cəmi 12 qram təşkil edir. Ona görə karbon tullantılarına görə narahat olanlar, kömür (820 q/Kvtsaat) və ya təbii qaza (230 q/Kvtsaat) deyil, atom enerjisinə üstünlük verməlidir. Atom enerjisinin göstəriciləri biokütlə (230), günəş enerjisi (48) və hidroenerjidən (24) daha yaxşıdır.
Almaniya kansleri Angela Merkel tərəfindən həyata keçirilən Enerji dönüşü siyasətinin (Energiewende) nəticələri haqqında fikirləşəndə bu rəqəmlər diqqət mərkəzində olmalıdır. Almaniya 2011-ci il Yaponiyanın Fukusima şəhərində AES-də baş verən qəzadan sonra tələsik atom enerjisindən imtina etmək qərarına gəldiyi üçün ölkənin enerji sektoru baza tələbatı təmin üçün kömürə ümid etməli olur.
Alman ekoloqlarının təzyiqi bu qərarın qəbul edilməsinə səbəb olub. Ancaq Almaniya kömürün yerinə atom enerjisindən istifadə etsəydi, onun illik karbon tullantıları təxminən 220 milyon ton azalardı.
Almaniyanın yavaş-yavaş atom sənayesindən imtina etdiyi bir vaxtda “Akademik Lomonosov” Arktikada atom enerjisinin potensialını nümayiş etdirir. Avropanın bu gün atom enerjisi haqqında qorxulara deyil, faktlara əsaslanan məntiqli debatlara ehtiyacı var.