Avropada qazın qiyməti 1000 dolları ötüb

0
217

Avropada qazın qiyməti cümə axşamı birjada mayın sonundan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları ötüb. Qiymət artımı Texasda (ABŞ) mayeləşdirilmiş sıxılmış təbii qaz istehsalı üzrə böyük zavodda baş vermiş yanğın və partlayış fonunda müşahidə olunub. 

Bu barədə London ICE birjasının məlumatında bildirilir.

Niderlandın TTF habında iyul fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1013,4 dollara və ya MVt/saat üçün 91,425 avroya (cari avro/dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) yüksəlib. Ümumilikdə qazın qiyməti ticarət başlayandan bəri 15%-dən çox artıb.

Qeyd edək ki, çərşənbə günü “Freeport LNG” (Texas) terminalında yanğın və partlayış baş verib, bundan sonra onun fəaliyyəti dayandırılıb və ən azı üç həftə bağlı qalacağı deyilir. 

“Freeport LNG” – ABŞ-da tankerlərə yüklənmədən əvvəl boru kəməri qazını mayeləşdirən yeddi sıxılmış təbii qaz ixrac terminalından biridir. Onun hazırkı mayeləşdirmə qabiliyyəti ildə 15 milyon ton sıxışdırılmış təbii qaz olaraq qiymətləndirilir ki, bu da ABŞ-ın ixracının təxminən 16%-ni təşkil edir.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2022-ci ilin yanvar-aprel aylarında Aİ və Böyük Britaniya ABŞ-dan sıxılmış təbii qaz idxalını keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artırıb. Eyni zamanda, ABŞ hazırda sıxılmış təbii qazın təxminən 74%-ni Avropaya ixrac edir, Asiyaya tədarük isə 51% azalıb.