Kosmosa uçuşlar və ümumiyyətlə kosmonavtika sahəsində ilklər və uğurlara imza atmaq soyuq müharibə dövründə SSRİ və ABŞ arasında əsl rəqabət mövzusu, nüfuz mənbəyi idi. Bu rəqabətin kölgəsində Avropa ölkələri də öz kosmos sənayesini yaratmağa cəhd edirdilər.
Bu günlərdə Avropa kosmos tarixində əlamətdar gün – ilk Avropa raketinin fəzaya buraxılmasının 40-cı ildönümü tamam olub. Məhz 1979-cu ilin Milad axşamı (24 dekabr) Fransaya məxsus Qayanada yerləşən Kuru kosmodromundan “Ariane” tipli daşıyıcı raket kosmosa buraxılıb. Raketin qarşısında duran məqsəd yalnız Yer kürəsinin ətrafında dövrə vurmaqdan ibarət idi.
Kosmik tədqiqatlar sahəsində artıq özünə yer qazanan Avropa Kosmik Agentliyi (ESA) yaxın aylarda “Ariane“ raketlərinin 6-cı nəslini kosmosa göndərməyə hazırlaşır. Ötən dövr ərzində böyük rəqiblərlə müqayisədə avropalılar uçuşların təhlükəsizliyi ilə önə çıxmağı bacarıblar. İndiyədək fəzaya buraxılan 250 “Ariane“ raketindən cəmi doqquzunun startı uğursuz olub. Hazırda dünyada raket startlarının üçdəbiri “Ariane-5“ daşıyıcı raketləri tərəfindən həyata keçirilsə də, istehsal xərclərini endirməyi bacaran rəqib şirkətlər təhlükəsizliyi ilə tanınan “Ariane” raketlərini bazarda sıxışdıra bilirlər. “SpaceX” şirkətinin təqdim etdiyi “Falcon-9“ raketləri artıq getdikcə daha çox müştəri cəlb etməyə başlayıb.
Qeyde edilməlidir ki, 22 dövlətin təmsil olunduğu ESA növbəti beş ildə rekord məbləğdə büdcə ilə təmin olunub. Ötən ay qəbul edilən qərara əsasən, ESA 14,4 milyard avroluq büdcə ilə (öncəki dövrlə müqayisədə 4 milyard daha çox) “Ariane“ raketlərinin təkmilləşdirilməsi üzərində də iş aparacaqdır.
“Ariane“ raketlərinin növbəti nəslinin fəzaya ilk uçuşu gələn ilin iyul ayında baş tutmalıdır.