Avropada koronavirus pandemiyanın ikinci dalğası yaşanır – VİDEO

0
350

Fransada son sutka ərzində koronavirusa 16 mindən çox yeni yoluxma qeydə alınıb.

Təxminən altı min xəstə stasionar müalicə alır, onlardan 1000 nəfərdən çoxu reanimasiya şöbələrinə yerləşdirilib.

Rəsmi Parisin göstərişindən sonra Marseldə karantin ilk növbədə iaşə müəssisələrini və idman salonlarının fəaliyyətinə ziyan vurub, nəticədə yerli rəsmilər Fransanın baş naziri Jan Kasteksə qarşı məhkəmə iddiası qaldırıblar.

Fransanın Baş naziri isə etirazlara cavab olaraq bildirib ki, hökumət epidemioloji vəziyyətə uyğun olaraq qərar qəbul edir.

İspaniyada da vəziyyət fərqli deyil. Ölkədə COVID-19-un qeydə alındığı gündən bəri 700 mindən çox şəxsin pandemiyaya yoluxduğu aşkar edilib, sutka ərzində virusdan ölənlərin sayı 84-ə yüksəlib, ümumi ölüm sayı isə 31 mini keçib.

Madriddə əsasən kasıbların yaşadığı məhəllələrdə 850 min sakin təcridetmə şəraitində yaşayır. Onlara yalnız alış-veriş etməyə, işə getməyə və uşaqlarını məktəbdən götürməyə icazə verilir.

Böyük Britaniyada isə pablar və barlar axşam saat 22:00-ə qədər açıqdır, İcmalar Palatasının rəhbəri isə bildirib ki, hökumət epidemiyanın ikinci dalğasının öhdəsindən gəlmək üçün özünə altı ay vaxt qoyub.

Rəsmilər virusa yoluxanların mümkün əlaqələrini izləməyə kömək edəcək mobil tətbiqi yükləməyi tövsiyə edir.

Qeyd edək ki, dünyada COVID-19 virusuna yoluxanların ümumi sayı 32 milyonu keçib.