ABŞ Ukraynanı bəhanə edərək, Şimal Axını-2 layihəsinə mane olmağa çalışır.
Bu sözləri Axar.az-a ABŞ-ın Şimal Axını-2 layihəsinə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Avropanın bu layihədə maraqları olduğu üçün sanksiyalara mane olmağa çalışacaq:
“Sözügedən layihənin həyata keçməsi ABŞ-ın Avropanın qaz bazarlarına girişini çətinləşdirəcək. Şimal Axını-2 layihəsi ilk dəfə deyil ki, sanksiyaya məruz qalır. ABŞ bundan əvvəl də bu layihəyə dəstək verən ölkələrə sanksiya tətbiq olunacağı ilə bağlı xəbərdarlıqlar etmişdi. İndi görünən odur ki, daha ciddi şəkildə sanksiyaların tətbiq olunması gündəmə gəlib”.
Ekspert bildirib ki, Rusiya qazının yarıdan çoxunun Ukrayna ərazisindən keçməsi Moskvanı Kiyevdən asılı vəziyyətə salır. Rusiyanın əsas məqsədi ondan ibarətdir ki, Şimal Axını-2 fəaliyyətə başladıqdan sonra Ukrayna ərazisindən qaz nəqlini dayandırsın:
“Bu da təbii ki, Ukrayna üçün böyük ziyan olacaq. Buna görə də ABŞ həmin ölkəyə dəstək kimi sözügedən layihənin bloklanması üçün müəyyən addımlar atır. Lakin burada əsas məqsəd ABŞ-ın öz maraqlarıdır, Ukrayna sadəcə bəhanədir”.
İqtisadçının sözlərinə görə, ABŞ ötən ildən Rusiyanı keçərək, ən çox qaz hasil edən ölkə olub. Buna görə də rəsmi Vaşinqton qaz satmaq üçün yeni bazarlar axtarışındadır:
“Ən sərfəli bazarlardan biri də Avropa bazarlarıdır. ABŞ həmin bazarlara tankerlər vasitəsilə sıxılmış qaz satmağı düşünür. Artıq İspaniyaya, Fransaya, Polşaya qaz ixrac edərək, bu məqsədini qismən həyata keçirib. Əgər Şimal Axını-2 layihəsi gerçəkləşsə, ABŞ-ın Avropa qaz bazarlarına girişi çətinləşəcək. Çünki həmin layihə ilə Avropa üçün Rusiya qazı daha ucuz başa gəlir. ABŞ-ın həmin layihənin qarşısını almaq istəməsinin əsas səbəbi budur. Bunun üçün də layihəyə qarşı müxtəlif sanksiyalar tətbiq edir. Lakin bir çox Avropa dövləti, o cümlədən Almaniya bu sanksiyaların əleyhinədir. Almaniya üçün bu layihə çox sərfəlidir. Alman şirkətləri Şimal Axını-2-də kifayət qədər paya sahibdir. Hesab edirəm ki, Almaniya kimi güclü bir dövlət bu sanksiyaların tətbiq edilməməsi üçün müxtəlif addımlar ata, hətta bu sanksiyalara qoşulmaya bilər. Ümumiyyətlə, düşünürəm ki, Fransa və Almaniya bu məsələdə birlikdə hərəkət edib, Şimal Axını-2 layihəsinə dəstək verəcəklər”.