Avropa İttifaqından Bakıya MÜHÜM DƏSTƏK: İşğalçı ölkənin separat siyasəti alt-üst oldu

0
418

 

Azərbaycan və Avropa İttifaqı arasında yeni çərçivə sazişi üzərində danışıqların davam etdiyi dövrdə Aİ Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarı dərc olundu. Bu qərar bir sıra aspektdən əhəmiyyətlidir, xüsusilə ötən il Aİ-Azərbaycan danışıqları və yeni çərçivə sazişi ilə bağlı irəli sürülən iddiaları xatırlamaq baxımından…

“Aİ sazişdə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi qeyd olunmasına qarşı çıxır, sənədin imzalanması da buna görə uzanır”.

Ortaya atılan iddia belə idi və bunun ictimai rəydə manipulyasiya etmək məqsədi daşıdığı elə o zaman məlum idi. Çünki Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıması rəsmi sənədlərdə öz əksini tapıb.

– 2017-ci il qəbul olunan Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alır;

– 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəyi qeyd olunur;

Bu rəsmi sənədlər sırasına Avropa İttifaqı (Aİ) Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı (ŞT) siyasəti ilə bağlı yekun qərarını da əlavə edə bilərik. Çünki yekun qərarda ərazi bütövlüyü prinsipini xüsusi ilə vurğulanır.

Ən vacib məqamlardan biri də Aİ Şurasının yekun qərarının Şərq Tərəfdaşlığının növbəti Zirvə görüşünün yekun siyasi sənədinin formalaşdırılmasına təsir göstərə biləcək ən əhəmiyyətli sənədlərdən biri olmasıdır. Beləliklə, 2017-ci il Zirvə görüşündə olduğu kimi, növbəti Zirvə də Azərbaycan üçün əhəmiyyətli olan ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi ön planda olacaq və bu, Azərbayanın ərazi bütövlüyününü növbəti də beynəlxalq ictimaiyyət tərəfindən gündəmə gətirilməsi deməkdir.

Mayın 11-də dərc olunan Aİ Şurasının yekun qərarında nələr yer alır?

1. Ərazi bütövlüyü: Qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığının siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur. Şura Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan Şərq Tərəfdaşlığının strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edir. Aİ Şurası Şərq Tərəfdaşlığı məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında (shared commitment) “Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatına dair” Aİ-nin ortaq öhdəliklərini təsbit edir.

Bu, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan prinsiplərin Aİ-nin qərarında yenidən öz əksini tapımasıdır. Burada bir məqam xüsusilə diqqət çəkir: Bundan öncəki sənədlərindən fərqli olaraq, Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir.

Bu o deməkdir ki, Azərbaycan üçün vacib prinsiplər Aİ-nin “fundamental dəyərləri” sırasına daxil edilir və Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələr üçün “ortaq öhdəlik” kimi irəli sürür. Daha açıq qeyd etsək, işğalçı Ermənistan Azərbaycanın ərazi bütövlüyünə “ortaq öhdəlik” kimi baxmalıdır.

2. Ermənistanın “separatizm oyunu” sıradan çıxır: Yekun qərarın 17-ci bəndində diqqət edək. Burada hərbi münaqişələr məsələsinə yenidən toxunulur, iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün hərbi münaqişələrin həllinin, etimadın yaradılmasının və yaxşı qonşuluq əlaqələrinin əhəmiyyəti vurğulanır. Həmin bənddə Şura ŞT regionunun bəzi ölkələrində beynəlxalq hüquq pozuntularının davam etməsindən dərin narahatlığını ifadə edərək, münaqişələrin qarşısının alınması, etimadın yaradılması və razılaşdırılmış danışıqlar formatları və prosesləri çərçivəsində münaqişələrin danışıqlar vasitəsilə sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir.

Aİ bu çağırışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ hərbi münaqişəsinin mövcud Minsk Qrupu danışıqlar formatına əvvəlki dəstəyini ifadə edir. Yəni Ermənistanın siyasi rəhbərliyinin separatçıları danışıqlar prosesinə qoşmaq cəhdi olan “Qarabağ danışıqlarda tərəf olmalıdır” tezisi növbəti dəfə alt-üst olur. Bu həm də işğalçı ölkənin bu tezislə danışıqlar prosesini pozmaq planlarını da sıradan çıxarır.

3. Aİ-Azərbaycan əməkdaşlığına dəstək: Yekun sənədin 3-cü bəndində qeyd olunur ki, Şura “əhatəlilik” (inclusiveness) və “fərqləndirmə” (differentiation) prinsiplərinə uyğun İttifaqla ŞT ölkələri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsini alqışyır və ŞT-nin çoxtərəfli ölçüsünün əhəmiyyətini vurğulayır. Bildirilir ki, ŞT çərçivəsində fərdi qaydada ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə davam ediləcəkdir. Ardınca, 5-ci bənddə bildirilir: “Şura yeni çərçivə Sazişi ilə bağlı Aİ və Azərbaycan arasında davam edən danışıqların proqressini alqışlayır”.

Bu cümlənin Aİ Şurasının sənədində əks olunması xüsusi önəm daşıyır. Bu, bir tərəfdən Aİ ilə Azərbaycan Respublikası arasında yeni Sazişin Aİ üzv dövlətlərinin diqqət mərkəzində saxlanılmasını, digər tərəfdən Aİ-nin həmin Saziş üzrə danışıqlar prosesinin davam etdirilməsi və yekunlaşdırılması ilə bağlı marağını əks etdirir.

. Azərbaycan – beynəlxalq nəqliyyat şəbəkəsinin açarı: Yekun qərarda ölkəmizin maraqlarına cavab verən önəmli məqamlardan biri də 12-ci bənddə Şura tərəfindən nəqliyyat, enerji və rəqəmsal texnologiyarlar baxımından, keyfiyyətli infrastrukturun təşviq edilməsi daxil olmaqla qayda-qanuna əsaslanan, açıq və etibarlı bağlantıların dəstəklənməsinin həm Aİ, həm də ŞT ölkələrinin iqtisadi inkişafı, regional inteqrasiya, ticarət və mobillik üçün əsas elementlərdən bir olmasının vurğulanmasıdır.

Qeyd olunan ifadə Aİ Şurası tərəfindən İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində prioritet layihələrinin, o cümlədən Aİ-nin prioritet dəhlizlərlə bağlı 2020/389 saylı 11 mart 2020-ci il tarixli Qaydalarında müəyyən olunduğu kimi Cənub Qaz Dəhlizinin, həmçinin Azərbaycan Respublikasının dünyanın bir sıra istiqamətləri üzrə beynəlxalq bağlantıların, loqistik-nəqliyyat-tranzit şəbəkəsinin fəaliyyətinin təmin edilməsi baxımından oynadığı vacib rolun dəstəklənməsidir.

5. Əməkdaşlıq platforması: Sənədin 6-cı bəndində ŞT-nin 2017-ci il Birgə Bəyannaməsində və bu tipli sənədlərində olduğu kimi, ŞT-nin “heç kimə qarşı yönəlməməsi” ilə bağlı siyasi xarakter daşıyan ifadə əks olunur. Digər tərəfdən, yekun qərarın 10-cu maddəsində dezinformasiya ilə mübarizənin gücləndirilməsi istiqamətində Aİ, Aİ üzv dövlətləri və ŞT ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çağırış olunur.

Yekun qərarın 18-ci bəndində Aİ-yə viza rejimi əsasında səfər edən ŞT ölkələri ilə İttifaq arasında viza liberallaşdırılması danışıqlarının açılması imkanının baxılması ilə bağlı müddəalar yer alır. Bildirilir ki, yaxşı idarəolunan və təhlükəsiz mobillik şərtləri təmin edildikdə və mövcud viza sadələşdirilməsi və readmissiya sazişləri qənaətbəxş səviyyədə icra olunduqda viza liberallaşdırılması sazişləri üzrə dialoqun başlanması məsələsi nəzərdən keçirilə bilər.

 

Bununla yanaşı, Şura sənəddə COVİD-19 pandemiyası məsələsinə toxunaraq, iqtisadi, tibbi və humanitar böhranın aradan qaldırılması üçün əməkdaşlığın gücləndirilməsi, səhiyyə sistemlərinin qorunması, hökumət və vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin, effektiv mülki müdafiənin və kiçik və orta sahibkarlığın dəstəklənməsi, o cümlədən vətəndaşların vaxtında məlumatlandırılması kimi məsələlərin vacibliyini vurğulayır.

Xüsusi qeyd olunmalı məqam odur ki, Şuranın yekun qərarı Aİ-nin üzv dövlətlərlərinin və Aİ Şurasının Şərq Tərərfdaşlığının gələcəyi ilə bağlı mövqeyini əks etdirir. Qərarda əksini tapan məqamlar Azərbaycanın milli maraqları fonunda olduqca əhəmiyyətlidir. Bu qərarı rəsmi Bakının həyata keçirdiyi siyasətin növbəti uğuru hesab etmək olar.