Dünən Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib. İclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti, Aİ isə xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Bununla bağlı XİN məlumat yayıb.
Aİ nümayəndə heyətinin tərkibində, həmçinin, Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edib.
İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar.
Cari ildə pandemiyaya rəğmən ticarət əlaqələrinin inkişaf etdiyi və Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub. Tərəflərin enerji sahəsində strateji tərəfdaşlığı, Cənubi Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də, nəqliyyat və bağlılıq layihələri, Azərbaycanın bu xüsusda böyük potensialı, sərmayə yatırımı və digər mövzular üzrə müzakirələr aparılıb.
Azərbaycan və Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək, qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan növbəti təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları, 44 gün davam edən Vətən Müharibəsi, eləcə də, bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc Azərbaycanlı əhalinin məqsədli hədəfə alınması, Ermənistan tərəfindən xarici ölkələrdən muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması ilə bağlı məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb.
10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat, bu razılaşmadan irəli gələn məsələlərin icrası, razılaşmanın bölgədə yaratdığı yeni təhlükəsizlik formatı və əməkdaşlıq çərçivəsi ilə bağlı məsələlər Aİ nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Ali nümayəndə Cozef Borel hazırda bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığını qeyd edib. Münaqişə sonrası bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakı mümkünlüyü vurğulanıb.
İclas zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.