Avropa hara gedir?

0
122

İmran BƏDİRXANLI
İmranbedirxanlı[email protected]

2017-ci ilin aprel ayında Fransanın “Dreuz.info” portalında Paris yaxınlığındakı Nöyi-sür-Sen şəhəri merinin müavini Filip Karsentinin “Azərbaycan – cazibədar ölkə” adlı məqaləsi dərc olunub. Müəllif Azərbaycanın dünya dövlətləri ilə əlaqələrindən, iqtisadi inkişafından, eləcə də onun multietnik və multikultural ölkə olmasından bəhs edir. Azərbaycanın Fransanın strateji tərəfdaşı olduğunu vurğulayan müəllif ölkəmizdə yaşayan xristianların azad şəkildə kilsələrə getmələrini, yəhudilərin isə kipa ilə küçələrdə rahat gəzmələrini bildirir.

Məqalənin çap olunduğu tarixə fikir verdinizmi? 2017-ci ilin apreli. Bəs, ötən yeddi il yarımda nə baş verdi ki, həmin Fransanın Azərbaycana münasibəti yüz səksən dərəcə dəyişdi? Təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə, bütövlükdə, İslam ölkələrinə, Şərqdən Qərbə üz tutan mühacirlərə qarşı dözümsüzlüyün, irqi, dini ayrı-seçkiliyin baş alıb getdiyi Avropanın ən “üzüqara” ölkəsi məhz Fransadır. İki il bundan əvvəl Fransa polisinin Əlcəzair əsilli yeniyetməni öldürməsi bu ölkədə nasizmin yüksələn templə irəlilədiyini tam aydınlığı ilə üzə çıxardı.

Yaxud Almaniyanı götürək. Bu ölkənin sıravi vətəndaşları arasında islamofobiya getdikcə şiddətlənməkdədir. Almaniya hökuməti bu zərərli təmayülə qarşı, faktiki olaraq, heç bir tədbir görmür. “Müsəlmanlar çirkli cinayətkarlar, təcavüzkarlar, terrorçulardır. Onlar bizim qanımızı sorurlar” – çağırışları təkcə Fransa və Almaniyada yox, Qərbi Avropanın əksər ölkələrində eşidilməkdədir.

İndiki dönəmdə Avropanın bir çox ölkəsində ifrat sağçı partiyalar parlamentdə və munisipal postlarda yerlərin əksəriyyətinə yiyələniblər. Bunu Almaniyanın timsalında aydın görmək mümkündür. Sağçı radikal ekstremistlərin klubu kimi tanınan AFD partiyası seçkilərdə Kansler Olaf Şoltsun Sosial Demokrat Partiyasına qalib gəldi. Bu faktın özü ölkənin nasist keçmişini yada salan olduqca narahatedici və təhlükəli ab-havadan xəbər verir.

Avropada nasizm qanunla qadağan edilə bilər, amma bu cür çağırışlarda onun izləri aydın sezilir. Düşünmək olardı ki, Holokost onlara bir dərs oldu və alman liderləri Avropaya üz tutan milyonlarla mühacir müsəlmanlara qarşı vaxtilə yəhudilərin məhvində dövriyyəyə buraxdıqları nifrət dolu ritorikadan istifadə etməyəcəklər. Fəqət, Almaniyada tüğyan edən islamofobiya nasizmin hələ də diri olduğunu, beyinlərdən, qandan tam təmizlənmədiyini göstərir. Doğrudanmı, nasizm bu dərəcədə həmişəyaşar və sağalmaz xəstəlikdir? Təəssüf ki, köləliyə rəvac verən antebellum (savaşqabağı durum – red.) millətçiliyi və irqçiliyi formalaşdırdığı kimi, ağ etnik xristian faşizmini də ayaqda saxlayır.

Avropa, sanki demokratiyadan, sosial ideyalardan yorulub və özünə fərqli “məşğuliyyət” axtarışına çıxıb. Sağ millətçilik dalğasının güclənməsi fonunda Avropanın siyasi siması dəyişməyə başlayıb. İstər siyasi sistemlər, istərsə də ictimai quruluş üçün ciddi risklər yaratmağa başlayan bu istiqamət klassik ailə modelinə, miqrasiya məsələlərinə qədər bütün sahələrə təsir göstərməkdədir. Avropa Parlamentinə keçirilən seçkilərdə radikal-sağ təmayüllü qüvvələrin üstünlük qazanması bu təsirin bariz nümunəsi sayıla bilər.

İndi ifrat radikallığa meyillənən, “millətçi-sağlaşmaya” yuvarlanan Avropa ölkələrinin əksəriyyətində müşahidə edilən maraqlı təmayül sol yönlü, mühafizəkar partiyaların ultra-şovinistlərlə əməkdaşlığa getməsidir. Bu proses özünü Fransa, Almaniya, Avstriya, Niderland, Polşa, Yunanıstan, İsveç və Finlandiyada bütün çılpaqlığı ilə göstərməkdədir. Yerli ekspertlərin gəldiyi qənaət budur ki, “Qoca qitə”də artıq hakimiyyətlərin nasizm qoxulu sağçılara ötürülməsi dövrü başlanıb.

Beləliklə, Avropada demokratların və solçuların mövqeləri getdikcə zəifləməyə, mühafizəkar sağçıların rolu isə yüksəlməyə doğru gedir. Radikal sağçıların hakim qüvvəyə çevrilməsi Avropanın yaxın perspektivdə sabitlik qazanacağına təminat vermir. Sıxışdırılan digər siyasi qrupların – solçular, demokratlar və hakimiyyətə iddialı bir çox təşkilatların nasizmlə mübarizəyə qalxacaqları da real görünmür.

Mövzuya nöqtə qoyacaq bir faktla yazımızı bitiririk. Dörd il bundan əvvəl İspaniya polisi qanunsuz silah alveri ilə məşğul olan quldur dəstəsinə qarşı əməliyyat zamanı gizli qərargahda “Nasizm muzeyi”ni aşkar etmişdi. Rəsmi mənbənin məlumatında deyilirdi ki, zirzəmidə nasizm dövründən qalma çox sayda əşyalar, silahlar, hərbi geyimlər, faşistlərin afişaları, habelə Hitlerin portretləri olub. Dəstə üzvlərindən biri italyan, ikisi milliyyətcə almandır. Bu da Avropanın hazırda nə ilə üzləşdiyi, yaxud hara getdiyi barədə sərlövhəyə çıxardığımız sualın cavabı…