ATV və Audiovizual Şura Yazıçılar Birliyinə nə cavab verdi?

0
288

Məlum olduğu kimi, noyabrın 13-də ATV kanalında yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Xalq yazıçısı Çingiz Abdullayevin əsərləri haqqında fikirləri müzakirəyə səbəb olub. Belə ki,  aparıcı yazıçının əsərlərini “zir-zibil” adlandırıb.  

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb. Bəyanatda deyilir: “Məlum telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Azərbaycan Respublikası Audiovizual Şurası da öz növbəsində bu süjetə münasibət bildirməlidir. Təəssüflə qeyd edirik ki, uzun illərdir (son illər isə xüsusən) AYB yetkililəri, ölkə ziyalıları sosial şəbəkələrdə təhqirlərə, şantajlara, yersiz hücumlara məruz qalırlar və bu zərərli tendensiya media subyektlərinə də sirayət edir. Belə güman edirik ki, bu adamların arxasında Azərbaycana düşmən qüvvələr  dayanır və onların məqsədi ictimai rəyi, şüuru formalaşdıran, dövlət və milli maraqları müdafiə edən aydınları gözdən salmaqdır. Belə hallar yolverilməzdir və buna yüksək səviyyədə münasibət bildiriləcəyinə ümid edirik”.

Audiovizual Şura – Fazil Novruzov: “Bu məsələ nəzarətə götürülüb, araşdırma aparılır”

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu məsələ nəzarətə götürülüb, araşdırma aparılır: “Araşdırma bitəndən sonra nə kimi işlərin görüləcəyi bəlli olacaq. Məlum məsələ ilə bağlı Audiovizual Şuraya vətəndaş şikayəti də daxil olub.  Məlum olaya aydınlıq gətiriləcək. Hələlik araşdırma aparıldığı üçün heç nə deyə bilmərik”. 

Aydın Xan Əbilov: “İndi haqqı çatan-çatmayan istənilən insan xalq yazıçısı, sənət adamı, incəsənət xadimlərini təhqir etməklə özünü piar etmək, tanıtmaq istəyir” 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, indi haqqı çatan-çatmayan istənilən insan xalq yazıçısı, sənət adamı, incəsənət xadimlərini təhqir etməklə özünü piar etmək, tanıtmaq istəyir: “Dünya şöhrətli, detektiv janrlar üzrə ustad, 100 milyondan çox kitabı dünyada satılan Çingiz Abdullayev hara, hansısa şou-biznes aparıcısı hara. Kiminsə hesabına televiziyada işə düzələn “qızcığaz” dahi  yazıçının əsərlərini “zir-zibil” adlandırır. O kimi şəxslər bilməlidir ki, zir-zibil sizin fikirləriniz, efirinizdi. Hesab edirəm ki, Audiovizual Şura bu kimi məsələyə çox ciddi reaksiya verməlidir. Əksər sosial verilişlərdə həyatın dibində olan, ailəsindən bixəbər şəxslər tanınmış ictimai xadimlərin üzərinə elə hücum edirlər ki, sanki Azərbaycan ictimaiyyəti üçün nəsə ediblər və ziyalıları qınamağa haqları var”.

A.X.Əbilov hesab edir ki, bu kimi problemlərin həll olunması üçün ölkədə əxlaq və ya mənəviyyat müfəttişi yaradılmalıdır. Bu müfəttişlər əxlaqsız hərəkətlər edən, televiziyada özünü apara bilməyən, Azərbaycanın milli dəyərləri sayıla bilən insanlara qarşı qeyri-etik ifadələr işlədən şəxsləri məsuliyyətə cəlb etməlidir: “Çingiz Abdullayev ermənilərə cavab verəndə, Azərbaycan həqiqətlərini dünyaya çatdıran zaman bu kimi xanımcığazlar harda idi? Kubra Məhərrəmova adlı aparıcını tanımıram. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi də Azərbaycan Yazıçılar Birliyinin bəyanatını təsdiqləyir. Etiraz əlamati olaraq bu kimi şəxslərin vaxtında cəzalandırılmasını tələb edirik, onların efirə çıxması qadağan olunmalıdır. Yaradıcı təşkilatlar bu kimi zir-zibil şəxslərə arxa çevirməlidir”.

Mövzu ilə bağlı ATV kanalı ilə əlaqə saxlamağa çalışsaq da, müraciətlərimiz cavabsız qaldı.

Günel CƏLİLOVA