Atatürk Rəsulzadəni niyə sevməyib?

0
431

Bir çoxları sual verir ki, niyə Atatürk və Rəsulzadə arasında soyuqluq olub? Niyə iki böyük şəxsiyyət öz aralarında dil tapmayıblar?

Əslində Atatürk Azərbaycan Cümhuriyyətinin yaranmasına ilk sevinən insanlardan biri idi. Eyni zamanda da Rəsulzadəyə münasibəti yüksək səviyyədə idi. Düzdür, bu iki şəxsiyyətin realda görüşməsi haqqında tam dəqiq informasiya daşımasaq da, ikisinin bir-biri ilə ünsiyyətdə olması bəzi məqamlarda nəzərə çarpır.

Uzun illər Türk Tarix Qurumunun rəhbəri olan Uluğ İğdemirlə görüşünü yazan Arı İnan Atatürklə bağlı belə bir məqamı qeyd edir: “Atatürk 1918-ci ilin sentyabr ayında öz dostları və tərəfdarları ilə bir məclisdə idi. Yanında Əhməd Ağaoğlu oturmuşdu. Atatürkün kefi yaxşı idi və o, çıxış edərək, “Dostlar, burada Ağaoğlu iştirak edir, o azərbaycanlıdır, həm də qarabağlıdır. Ağaoğlu həm Azərbaycan istiqlalını qazandı, həm də Qarabağda məclis qurdular. Gəlin bu barədə danışaq”, – demişdi.

Bu, Atatürkün Azərbaycan Cümhuriyyətinə olan sevgisinin göstəricisi idi. Lakin dünyanın yeni nizamının yaradılması, Türkiyənin yeni müstəqillik qazanması hələ də İkinci Çanaqqala olmayacağına təminat vermirdi. O illərdə isə yalnız ona dəstəyi SSRİ verirdi. 1930-cu ilə qədər Türkiyənin SSRİ ilə münasibətləri normal olub. Ancaq 30-cu ildən sonra kəskin dəyişiklik baş verib və düşmənçilik həddinə çatacaq qədər pisləşib. Sonradan bu məsələni qaydasına salmaq üçün SSRİ ilə müttəfiqlik haqqında qarşılıqlı müqavilə imzalanıb. 1932-ci ildə Stalinin Atatürkdən tələblərindən biri də anti-kommunistlərin ölkədən çıxarılması idi. Və ən vacibi Rəsulzadənin Türkiyədən uzaqlaşdırılması tələblərdən biri idi. Rəsulzadənin baş redaktorluğu ilə çıxan “İstiqlal” qəzeti anti-kommunist mövqedə idi, bu da Türkiyənin Sovetlər qarşısındakı qarşılıqlı öhdəliyinə zidd idi. Siyasi prosesləri izləyən Rəsulzadə Türkiyənin SSRİ ilə münasibətlərinin pozulmaması, alınan yardımların qarşısının kəsilməməsi üçün könüllü olaraq Türkiyədən köçüb.

Əslində Atatürk əsla Rəsulzadəni itirmək istəmirdi. Çünki Rəsulzadə Ankaradakı bütün türk dünyasından olan mühacirlərə sözü keçən tək şəxs idi. Ancaq məlum olan odur ki, Atatürk Rəsulzadə və dostlarına fəaliyyətlərini həyata keçirmək üçün maddi yardım da göstərib. M.Ə.Rəsulzadənin dərin inamına görə, Atatürküni tarixi xidməti ondan ibarət oldu ki, xalqı səfərbər edərək müasir, modern bir Türkiyə yaratdı. Məhz modern sistemin dağılmaması və SSRİ ilə müharibənin qarşısının alınması üçün Rəsulzadə mühacir həyatını seçdi. Amma o incimirdi Atatürkdən. Atatürk haqqında həmişə məhəbbətlə danışırdı. Sonradan yazacağı bir məqalədə isə Atatürk haqqında bu sözləri deyəcək, onu “qurtulan Şərqin simvolu” adlandıracaqdı:

“XX əsrin şərqi, XIX əsr qərb tarixinin qeyd etdiyi Amerika ihtilalı ilə fransız inqilabını bir həmlədə yapmaq zərurətindədir. Mustafa Kamalın böyüklüyü işdə tarixin bu zərurətini qavrayışındadır. Bu şömüllü dahisi ilə türk milliyyətçiliyinin şanlı başbuğu, eyni zamanda qurtulan Şərqin simvoludur!”

Qeyd edim ki, 1923-cü ildə İzmirdə keçirilən kitab festivalında onun “Azərbaycan Cümhuriyyəti (keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti)” kitabı “Atatürk mükafatı”na layiq görülüb.

Rəsulzadə Atatürkün qəbrini ziyarət edib. 1938-ci ildə onunla bağlı bir yazı yazıb. Rəsulzadənin Atatürkə verdiyi qiyməti bu cümlədə daha yaxşı əks olunur: “Atatürk qəhrəmanlar üçün deyil, Türkiyənin bütövlüyü üçün ağlayan türk millətinin göz yaşını sildi…”

Rəsulzadə də CXP millət vəkili olmuş Tanrıövərin köməkliyi ilə 1947-ci ildə Türkiyə vətəndaşlığı alır.