Atasını bıçaqlayan qızın məhkəməsi başlayır

0
795

Bakıda atasını bıçaqlamaqda təqsirli bilinən Günel Hüseynovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslə bağlı toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi Faiq Qəniyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə bu il fevralın 20-də, gecə saatlarında paytaxtın Ramana qəsəbəsinin Zərdabi küçəsindəki evlərdən birində baş verib.

49 yaşlı İlham Hüseynov ağır bıçaq yaraları ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, İlham Hüseynovu qızı Günel Hüseynova bıçaqlayıb. Şübhəli şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən saxlanılıb. İstintaq dindirilməsi zamanı Günel Hüseynova əməlini etiraf edib, deyib ki, atasını vurmaq niyyəti olmayıb, ancaq buna vadar olub.

İlham Hüseynov daim sərxoşluq edib və nizamsız həyat tərzi sürüb. Ailə başçısı evə sərxoş vəziyyətdə gələrək, ailəni incidib, qalmaqal salıb. O, fevralın 20-də, gecə saatlarında yenidən sərxoş vəziyyətdə evinə gəlib və ailəsinə qarşı amansızlıq edib.

Atasının hərəkətlərindən əsəbiləşən qız bıçaq götürərək, ona üç zərbə endirib.

İstintaq orqanı tərəfindən Günel Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.