Ali Məhkəmədə atasını öldürməkdə təqsirli bilinən Laçın Novruzovun kassasiya şikayətinə baxılıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə 2017-ci ilin yanvar ayında Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. 1995-ci il təvəllüdlü L.Novruzov yaşadıqları evdə atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 21 bıçaq zərbəsi ilə qətlə yetirib.
İttihama görə, içki aludəçisi olan və tez-tez ailə üzvlərini təhqir edərək zor tətbiq edən M.Məmmədov yanvarın 4-də gecə saatlarında evə yenidən sərxoş gəlib. Anasına qarşı nalayiq ifadələr işlətməsindən sonra L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən verdiyi apelyasiya şikayəti isə təmin edilməyib.