Aşura günü toyda zəhərlənənlər Allahın qəzəbinə gəlib? – İlahiyyatçıdan açıqlama

0
92

Azərbaycan həm ərazisinə, həm də əhalisinə görə tolerant ölkədir. Azərbaycan xalqının bütöv bir hissəsi isə təkcə İslam dininə mənsub olan şəxslərdən ibarət deyil. Müxtəlif dinlərin nümayəndələri Azərbaycan xalqının bir hissəsini təşkil edir. Bu səbəbdən hamı İslam dininə, müsəlmanlara xas olan ibadətlərin yerinə yetirilməsinə əməl etmir. 

Ancaq bəzi mövhumatçı insanlar müsəlmanlara məxsus özəl günlərdə, aylarda, bayramlarda əksər hadisə və hərəkətləri tamamilə ayrı məcraya çəkməyə çalışırlar. Məsələn, keçən dəfə olduğu kimi… Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. 21 nəfər toy məclisində tort yediyi üçün zəhərlənib. Bu hadisəni Aşura günü ilə əlaqələndirib, həmin toyda iştirak edənlərin günaha batdığını deyənlər oldu. 

Maraqlıdır, bu yanaşmaya ilahiyyatçıların münasibəti necədir? 

Bununla bağlı açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, insanlar bəzən bu cür fikirlərə qapıla bilirlər: 

“Dünyanın hər yerində dinlə əlaqəli bir çox məqamda gündəmə gətirilən məsələdir. Bir misal gətirim. Deyək ki, bir insanın hansısa qohumu, yaxını vəfat edir. Onun ili çıxmamış şadlıq edəcəksə, toy məclisi keçirəcəksə, onlara gedib danışaraq, halallıq alınır. Halallıq alınmadığı təqdirdə, hər hansı problemlər baş qaldıranda deyilir ki, filankəsin ahı bizi tutdu. Amma İslamın yeganə mənbəyi Qurani-Kərimdir. Qurana əsaslananda orada belə bir fikrin yer aldığına şahid olmuruq. Quranda belə bir şey olmayıb. Olmağı da mümkün deyil”. 

E.Miri Qurani-Kərimdə belə fikirlərin yer almadığını da vurğulayıb: 

“Aşura müxtəlif ölkələrdə, İranda, Pakistanda, Əfqanıstanda və s. qeyd olunur. Ancaq başqa dövlətlərdə həmin gün şadlıq, toy edənlər də var. Bu o demək deyil ki, həmin gün onların da başına hər hansı bir hadisə gələcək. Təbii ki, bu, tamamilə mövhumatçı yanaşmadır. Bunun əsli, əsası yoxdur. Ona görə də, belə şeyləri başqa məsələlərlə əlaqələndirmək doğru deyil. Quranda da heç bir zaman bu cür yanaşmanın mövcudluğuna şahid ola bilmərik”.