Mərkəzi Lankaşir Universitetinin (UCLan) britaniyalı astrofizikləri müəyyən ediblər ki, ekzoplanetlər (Günəş sistemindən kənarda olan planetlər) formalaşmanın ilkin mərhələsində dairəvi deyil, draje konfeti xatırladan yastı formada olur.
Alimlərin qənaətləri gənc ulduzların ətrafındakı sıx qaz disklərində planetlərin əmələ gəlməsi proseslərinin kompüter modelləşdirilməsinə əsaslanır.
“Biz uzun müddətdir ki, planetlərin əmələ gəlməsini öyrənirik, lakin indiyədək planetlərin simulyasiyalarda necə formalaşdığını yoxlamaq ağlımıza gəlməmişdi. Biz həmişə onların sferik formada olduğunu güman edirdik”, – elmi qrupun üzvü, astrofizik Dimitris Stamatellos bildirib.
Astrofiziklər bu kəşfi Yupiter kimi qaz nəhənglərinin əmələ gəlmə proseslərini öyrənərkən ediblər.