AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub

0
764
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsində azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olunub.
İclasda AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər Komitəsinin üzvləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, jurnalistlər və digər şəxslər iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bu gün dünyada öz evindən qaçqın və məcburi köçkün düşmüş insanların 70 milyona çatdığını, bu insanların ehtiyaclarının və hüquqlarının aidiyyəti qurumların və ölkələrin gündəliyində duran ən mühüm məsələlərdən birinə çevrildiyini bildirib.
O, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkün düşmüş insanların problemləri və ehtiyaclarının Azərbaycan dövləti üçün prioritet məsələ olduğunu söyləyib.
F.Hüseynov azərbaycanlı məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyini vurğulayıb.
Dövlət Komitəsi sədrinin müavini azərbaycanlı qaçqın və məcburi köçkünlərin sayı, onların ehtiyaclarının təmin olunması üçün xərclənən vəsait və s. haqqında ətraflı məlumat verərək həmin insanların bu günədək öz torpaqlarına, evlərinə qayıtmaq ümidi ilə yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.