İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyinin təşkilatçılığı və dəstəyi ilə noyabrın 11-də İranın paytaxtı Tehran şəhərində “Aşıq Qəşəm” Beynəlxalq mədəniyyət festivalı keçirilib.
Möhtəşəm mədəniyyət bayramı olan festivala dövlət səviyyəsində diqqət ayrılmışdır. Festival Tehran şəhərinin ən böyük saraylarından birində baş tutub. Dünyanın bir çox ölkələrindən aşıq sənəti ilə bağlı olan qrupların və mədəniyyət bilicilərinin, folklorşünasların iştirak etdiyi mərasimdə daha çox Azərbaycanın təbliğatı aparılıb, mədəniyyətlərarası dialoqda mühüm rol oynayan aşıq sənəti tərənnüm edilib. Hər il baş tutan bu məzmunlu festivalların dövlət səviyyəsində qeyd olunması təqdirəlayiq haldır və İran Mədəniyyət Nazirliyinin bu işdə əməyi olduqca böyükdür.
Onu da qeyd edək ki, Aşıq Qəşəm yaradıcılığı təkcə Güney Azərbaycanda deyil, Quzey Azərbaycanda da çox geniş yayılıb, onun sadə xalq dilində yazmış olduğu şeirləri dillər əzbəridir. Azərbaycanda keçirilən toy-düyünlərdə, el şənliklərində aşıqlarımızın ifalarında Aşıq Qəşəmin şeirləri daim səslənməkdədir. Çünki Aşıq Qəşəm yaradıcılığında nikbinlik, milli mədəni irsin tərənnümü yer alıb.
Festivalda Azərbaycandan etnoqrafçı gənc alim, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, eləcə də aşıq Elxan Əliyev, Borçalı aşıq məktəbinin üzvü aşıq Qara Süleymanov iştirak ediblər (mükafatçılar arasında onlar da vardır).
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə festivalın mükafatçılarından olub. O, İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyinin təsis etdiyi, üzərinə festivalın simvolu həkk olunmuş bürünc aşıq heykəli və diplomla təltif edilib. Asif Mərzili festival iştirakçıları qarşısında çıxış edərək Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan, böyük tarixi ənənələrimizin bu günümüzə qədər daşıyıcısı olan aşıq sənətinin qoruyucularına, bu nümunədə ustad aşıq və şair, vətənpərvər mədəniyyət işçisi, İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbaziyə dərin minnətdarlığını çatdırıb:
– Festivalın keçirildiyi sarayın tutumu təxminən 8-10 min olardı. Amma yüzlərlə tamaşaçı bayırda qoyulmuş monitorlarda, bir çoxu isə ayaq üstə festivalı izləyirdilər. Mənim üçün qürurverici hal bu idi ki, təxminın 6 saat davam edən söz-sənət bayramında, demək olar ki, Azərbaycanın adına, ünvanına xoş sözlər, alqışlar səslənirdi və bu müddətdə səhnəni Azərbaycan bayrağl bəzəyirdi… İranın ayrı-ayrı bölgələrindən gələn izləyicilər bayrağımızın önündə sevinc və kövrək göz yaşları içində şəkil çəkdirirdilər. Bütün bunlar isə ustad Səlcuq Şahbazinin xidmətləri sayəsində olmuşdu. Onun çıxışında Azərbaycan prezidenti İlham Əliyevin, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın ünvanına söylədiyi xoş sözlər isə ayrıca bir mövzudur… Onu da deyim ki, festivalda İranın ən yüksək səviyyədə rəsmi şəxsləri təmsil olunurdular, təbrik çıxışları etdilər… Bir vacib məqam: Səlcuq Şahbazinin rejissorluğu ilə yaradılmış kompozisiyalarda Üzeyir Hacıbəyovun bəstələrindən və operettalarının musiqilərindən, xalq mahnılarından istifadə edilmişdi, xüsusən də “Arşın mal alan” operettasının qəhrəmanlarının “Mən gedərəm o oğlana onun pulu çox olsun!” deyişməsini bütün iştirakçılar ayaq üstə rəqs edərək dəstəkləyirdilər. Səhnədə isə daim dillər əzbəri olmuş aşıq Qəşəm Cəfərinin bu bir bənd şeiri səslənirdi:
Anam mənə lay-lay deyib,
Elim Türkdür, mən də Türkəm.
Süd verib məni bəsləyib,
Dilim Türkdür, mən də Türkəm.