Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət mərkəzlərində xidmətlərdən birinin göstərilməsində problem yaranıb.
Qurumun mərkəzlərində ASAN imza sertifikatının verilməsi xidməti dayandırılıb.
Belə ki, ASAN Xidmət mobil tətbiqi vasitəsilə həmin xidmət üzrə onlayn növbə verilsə də, mərkəzlərdə vətəndaşlara həmin xidmətin dayandırıldığı bildirilir və bu, proqram yenilənməsi ilə izah edilir.
Qeyd olunur ki, ASAN imza sertifikatı verilməsi xidməti avqustun sonu, sentyabrın əvvəli bərpa olunacaq.
Onu da bildirək ki, bu xidmətin ASAN xidmət mərkəzlərində göstərilməsinə baxmayaraq, bu işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həyata keçirir. Dövlət Vergi Xidmətindən bildirilib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.
Xatırladaq ki, 27 aprel tarixindən ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində vətəndaşların qəbulu ASAN Xidmət mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.