Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş ilk qrant müsabiqəsinin qalib layihələrindən olan bal arılarının gənələrdən təmizlənməsi üçün qurğu artıq hazırdır.
Agentlikdən verilən məlumata görə, arı ailələrinin məhsuldarlığını artırmaq üçün onları gənələrdən təmizləyən “ANTİVARROA” qurğusu bu ilin avqust – sentyabr aylarında Göygöl rayonunun Üçtəpə kəndində yerləşən arıçılıq təsərrüfatında sınaqdan keçirilib və nəticələr uğurlu olub. Belə ki, sınaqlar zamanı iki arı ailəsində olan arılar gənələrdən təmizlənib.
Elektronika mühəndisləri və arıçılıq üzrə mütəxəssislər tərəfindən hazırlanmış qurğunun üstünlüklərindən biri onun çöl şəraitində və yaşayış məntəqələrindən uzaq yerlərdə elektrik enerjisi olmadan işləməsidir.
Hazırda “Əmir texniki xidmətlər” MMC tərəfindən qurğunun günəş batareyalarından qidalanan variantının üzərində iş aparılır, həmçinin qurğu istehsala hazırlanır. Qurğu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən artıq patentləşdirilib.
Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə keçirilmiş birinci qrant müsabiqəsi çərçivəsində Agentlik tərəfindən 15 layihə maliyyələşdirilib. “Bal arılarını gənələrdən təmizləmək üçün milli brend qurğunun hazırlanması” layihəsi üzrə “Əmir texniki xidmətlər” MMC-yə 17 300 manat maliyyə vəsaiti ayrılıb. Bununla yanaşı, sözügedən layihə üzrə “Əmir texniki xidmətlət” MMC-yə KOBİA tərəfindən müvafiq layihəni 3 il müddətinə gəlirlər üzrə mənfəət vergisindən azad edən “Startap” şəhadətnaməsi də verilib.