“Medianın məlumatına görə, hazırda təqsirləndirilən şəxs – Araik Arutyunyan 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində səsvermədə iştirak etməyi arzu edib. Bizim Konstitusiya və müvafiq qanunvericiliyə görə, hazırda Araik Arutyunyan seçki hüququndan istifadə edə bilməz. Konstitusiyanın 56-cı maddəsinə əsasən, aktiv və passiv seçki hüququ Azərbaycan vətəndaşlarına məxsusdur”.
Bu barədə hüquq müdafiəçisi, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov bildirib.
Vəkilin sözlərinə görə, A.Arutyunyan hazırda Azərbaycan Respublikasının vətəndaşı deyil: “1992-ci ilin yanvar ayına qədər Azərbaycanda yaşamış ermənilər və onların övladları (övladları qan hüququ əsasında) vətəndaşlıqlarını bərpa etmək üçün vəsadət verə bilərlər. Əgər Araik Arutyunyan ya özü, ya valideynləri həmin vaxtdan əvvəl Azərbaycanda yaşayıbsa, vətəndaşlığının bərpası üçün vəsadət verə bilər. Amma bu vəsadətin təmin olunması xeyli müddət tələb edir”.
S.Məmmədov söyləyib ki, A.Arutyunyan hazırda bir sıra ağır maddələrlə ittiham olunur: “Hələlik məhkəmə tərəfindən onun təqsiri sübuta yetirilməyib. Amma Arutyunyan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinin 8-ci hissəsində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirləndirilir. Əgər Arayik bu maddələr üzrə təqsirli bilinərsə, o zaman onun vətəndaşlığın bərpasına dair vəsadəti rədd ediləcək. Həmin müddəaya görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir”.
Xatırladaq ki, Musavat.com Qarabağdan qovulmuş separatçıların keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Harutyunyanın 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara müraciət etməsinə dair məlumat yayıb.