Apteklərdə nəyə görə bəzi dərmanlar tapılmır?

0
189

Son vaxtlar apteklərdə bir çox dərman preparatlarını tapmaq çətinləşib. Bu problem parlamentdə də müzakirə predmeti olub. Həm deputatlar, həm də sıravi vətəndaşlar deyirlər ki, apteklərdə xüsusilə sakitləşdirici dərman vasitələri tapılmır. Tapılanda da çox baha olur.

Əczaçılar da dərmanların limitlə gəlməsindən şikayətlənirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, hazırda dərmanların qiymətinin yüksək olmasının ən başlıca səbəbi idxalda rəqabətin olmamasıdır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun fikrincə, problemin qarşısını almağın yeganə yolu dərman istehsalı ilə məşğul olan təşkilatların Azərbaycana dönüşünü təmin etməkdir.

Rəşad Mahmudov onu da əlavə edib ki, qiymətlərin tənzimlənməsi üçün dünya təcrübəsindən istifadə edilməlidir.

Məsələyə Tarif Şurasından da münasibət bildirilib. Qurumdan qeyd edilib ki, qiymətlərin artmasına son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və logistika xərclərinin kəskin artması, həmçinin dərman təchizatında fasilələrin yaranması səbəb olur.

Onu da əlavə etdilər ki, bu proses təkcə ölkəmizlə bağlı deyil. Məsələn, hazırda Almaniyada ən azı 300 adda dərman vasitəsi tapılmır. Bahalaşmanın qarşısını almaq üçün Gürcüstan bəzi dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizminə keçid edir. Türkiyədə isə 40%-ə qədər dərman vasitələrinin qiymətində artım olub.

Hazırda dərman bazarında haqsız rəqabət mühitinin yaradıldığını deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, mövcud duruma nəzarət gücləndirilməlidir.

Ekspertlər deyirlər ki, “kartel” sövdələşmələri və rəqabət mühitinin olmaması vəziyyəti daha da çətinləşdirir. Dərman qıtlığını isə əksər hallarda istehsalçı şirkətlərin distribüterləri bilərəkdən yaradırlar. Mövcud vəziyyət yalnız və yalnız yerli dərman istehsalı inkişaf etdirildikdə düzələ bilər.