“Azərbaycan Qərb platformalarında Ermənistana tələblərini qəbul etdirib və artıq əldə etdikləri məsələləri yenidən müzakirəyə çıxarmaqda heç bir məna görmür, əksinə İrəvan qarşısında yeni tələbləri var”.
Bu barədə erməni politoloq Sergey Melkonyan bu ayın sonunda planlaşdırılan Brüssel görüşünün baş tutmamasını şərh edərkən deyib.
Onun iddiasına görə, Azərbaycan Ermənistandan yeni “güzəştlər” gözləyir: “Qranadada Azərbaycanın iştirakı olmadan Ermənistan yeni güzəştlərə getdi. Ermənistan bundan sonra hansısa güzəştə getməyi planlaşdırmırsa, Azərbaycanın məntiqinə görə, Brüsselə getməyin mənası yoxdur. Azərbaycan artıq Qərbdə bütün mümkün uğurları əldə edib. Əgər Əliyevin növbəti görüşdə nəsə qazanacağı yoxdursa, o zaman orada iştirak etmək onun üçün mənasızdır”.
Melkonyanın fikrincə, Azərbaycanın üç tələbi var:
“Anklavların qaytarılması, Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların Zəngəzura – Ermənistana qayıtması. Ermənistan bu məqamların ən azı bəzilərini təmin etməyə razı olarsa, Azərbaycan görüşə razılaşacaq. Bakının sülh müqaviləsi təklifində bu məsələlər də yer alır. Həm Qərbdə, həm Rusiyada ekspertlər Ermənistanın bunlarla bağlı müəyyən addımlar atmağa hazır olduğunu deyirlər”, – erməni politoloq bildirib.