Rusiyanın Xabarovsk vilayətinin Nikolayevsk şəhərində yeddi aylıq körpənin eyvanda soyuqdan öldüyü faciə haqqında ətraflı məlumat yayılıb.
Hadisə Orlova küçəsində yerləşən yaşayış binasında baş verib.
Belə ki, 40 yaşlı ana uşağını təmiz hava alması üçün arabada eyvana qoyub.
Qadın körpəni bir neçə dəqiqədən sonra götürməyi düşünsə də, uşağın çöldə olması yalnız beş saatdan sonra onun yadına düşüb. Amma artıq gec olub, uşaq soyuqdan donaraq ölüb.
Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanları cəlb edilib. Ölüm faktı Xabarovsk vilayətinin Səhiyyə İdarəsi tərəfindən təsdiqlənib.
Faciəvi hadisə ilə bağlı insanlara müraciət edən idarədən bildirilib ki, valideynlər uşaqlarına qarşı diqqətli olsunlar:
“Övladlarınıza təhlükələr barədə danışın, sizin bir neçə dəqiqə vaxtınızı alan söhbət uşağınızın həyatını xilas edə bilər”.
Qeyd edək ki, hadisə ilə bağlı ölən körpənin anası tutulub, araşdırmalar davam edir.