İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı qətiyyətli əks hücum əməliyyatları davam etdirilir.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən hücuma cəhd göstərib:
“Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub. Düşmənin bu fəaliyyətinin qarşısı alınıb”.
A.Eyvazov Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikalarının bölmələrimiz tərəfindən məhv edildiyini və Füzuli rayonu istiqamətində yerləşən 4-cü taborun ağır artilleriya atəşinə tutulduğunu diqqətə çatdırıb.
“Ümumiyyətlə, əks hücum əməliyyatı başlayandan bu günə qədər düşmənin 2300-dən artıq canlı qüvvəsi məhv edilib və yaralanıb. 130-dan artıq tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, altı komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, beş silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib”, – deyə A.Eyvazov qeyd edib.