Anar Eyvazov: “Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək”

0
435

“Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun yerləşdiyi döyüş mövqelərini və Tərtər, Ağdam, Ağcabədi rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub”.

APA-nın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. 

O bildirib ki, döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdirilib: “Düşmən yenə də dezinformasiya yayaraq Azərbaycan Ordusunun guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı kənd istiqamətində döyüş əməliyyatları apardığını iddia edir. Reallıqda isə bu istiqamətdə Qubadlını artilleriya atəşinə tutan legitim hərbi hədəfə qarşı Ordumuz adekvat tədbirlər çərçivəsində atəş açıb. Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistan xüsusi təyinatlılarından ibarət kəşfiyyat diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb və onları daşıyan avtomobil texnikası şəxsi heyətlə birlikdə dəqiq atəş zərbəsi ilə məhv edilib”.

A. Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun Xocalı, Şuşa və Xankəndini raket atəşinə tutması, bunun guya dinc əhaliyə qarşı yönəldilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar da saxtadır, növbəti dezinformasiyadır: “Azərbaycan Ordusu düşməndən fərqli olaraq, mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır. Saxta xəbərlərlə əlaqədar onu da əlavə edim ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah-sursat yoxdur. Düşmənin törətdiyi müharibə cinayətlərindən diqqəti yayındırmaq məqsədilə uydurduğu dezinformasiyalar həqiqəti gizlədə bilməz. Hazırda qoşunlarımız bütün istiqamətlərdə əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Ordumuzun döyüş ruhu yüksək səviyyədədir. Ali Baş Komandanımızın bütün döyüş tapşırıqları yerinə yetirilir. Qələbə bizimlədir!”