ANAMA çağırış edib: 156 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda qeydə alınıb

0
226

Müharibədən sonrakı dövrdə baş verən 156 mina insidentindən 116-sı keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən xəbərə görə, 2022-ci il 26 oktyabr tarixinədək baş verən mina hadisələrində zərərçəkən 266 nəfərdən 147-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb.

ANAMA tərəfindən aparılan tədqiqat və təmizləmə əməliyyatları zamanı keçmiş təmas xətti və bu ərazilərin ətrafında yerləşən bağlar, meşələr, üzümlüklər, dağıdılmış yaşayış məskənləri, məzarlıqlar, çay kənarları və.s yerlərin ciddi şəkildə minalarla çirkləndirilməsi aşkar edilib. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayılın Cocuq Mərcanlı, Laçın rayonunun Suarası kəndlərində yerləşən mərazlıqların minalanmasına dair dəqiq məlumatlar vardır. 2021-ci ildə Ağdam rayonunun Yusifcanlı kənd mərazlığında 2 nəfər mülki şəxsin həlak olması, 2 nəfərin xəsarət alması, həmçinin son hadisə olaraq 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndi məzarlığında 1 nəfər şəxsin həlak olması, digər birinin xəsarət alması ilə nəticələnən mina hadisələri buna sübutdur.

Məzarlıqların, insanların müqəddəs yerlərinin, eyni zamanda, mədəni-tarixi abidələrə gedən yolların, bu yerlərin ətrafının, az sayda dağıdılmamış evlərin və həyətyani sahələrinin minalanması, o cümlədən tələ minaları ilə kütləvi şəkildə çirkləndirilməsi insanlığa qarşı törədilmiş cinayətdir.

Təqdim olunan mina formulyarlarının qeyri-dəqiqliyi, habelə mülki təyinatlı ərazilərin minalanması, partlayıcı sursatlarla ciddi şəkildə çirkləndirilməsi, regionda sülhə və təhlükəsizliyə təhdidlər yaradır, humanitar fəlakətə səbəb olur.

Bütün qeyd olunan faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşları məsuliyyətli və diqqətli davranaraq, qanunsuz səfərlərdən çəkinməyə, müəyyən olunmuş marşrutlardan kənar çıxmamağa çağırır.