ANAMA bəzi rayonlarımızda tapılan raket və mərmi qalıqları ilə bağlı məlumat yaydı – FOTO

0
423

Oktyabrın 2-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər, rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.

Bununla bağlı ANAMA məlumat yayıb.

Bildirilib ki, daxil olmuş 25 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hindarx qəsəbəsi və Qaraxanlı kəndi, Ağdam rayonunun Üçoğlan, Böyükbəyli kəndləri və 4 yol qəsəbəsi, Bərdə rayonunun Çəmənli və Xatınçay kəndləri, Beyləqan rayonunun Kəbirli kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Zobcuq qəsəbəsi, Alıxanlı və Kərimbəyli kəndləri, Goranboy rayonunun Qızılhacılı və Balakürd kəndləri, Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri Yevlax rayonu ərazisindən keçən hissəsinə, Tərtər rayonunun Qazyan, Qarağacı kəndləri və Mehtiyev küçəsi ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 598 ədəd bombacıq və 14 ədəd partlamış mərmi qalıqları aşkar olunub.