Amerikalılar rusların “Ölü əl”ini istəyirlər

0
475

ABŞ-a kütləvi nüvə hücumunun dəf edilməsi üçün Sovet-Rusiya istehsalı olan “Perimetr” avtomatik idarəetmə kompleksinin analoqu lazımdır.

Qərbdə “Dead Hand” – “Ölü əl” adlandırılan “Perimetr” kompleksinin xüsusiyyətləri haqda  War on the Rocks nəşrində amerikalı hərbi mütəxəssislər Adam Louter və Kertis MakGiffin yazıblar.

Bu cür sistemin vacibliyini mütəxəssislər potensial düşmənlərin hipersəs sürətinə malik silahlar, qanadlı raketlər əldə etməsi, süni intellekti tətbiq etməyə başlaması və bunun müqabilində Amerika rəhbərliyinin cavab zərbəsi endirmək üçün qərar qəbul etməkdə vaxtının daralması ilə izah ediblər.

Amerika tərəfi üçün təhlükəli silahlar arasında Louterlə MakGiffin “Kalibr-M” və X-102 qanadlı raketlərini, sualtı pilotsuz nüvə başlıqlı “Poseydon”u və “Avanqard” kompleksini göstəriblər. Mütəxəssislər əmindirlər ki, əgər Rusiya ABŞ-a qarşı bu cür silahlardan istifadə etsə, o zaman okeanın o tayındakılar alınan məlumatları emal etməyə vaxt tapmayaraq cavab zərbəsi endirmək üçün qərar verə bilməyəcəklər.

Bundan çıxış yolu kimi, ABŞ-da Rusiyanın “Perimetr” kompleksinin analoqunu yaratmaq göstərilir. “Perimetr” daxil olan təhlükəyə müvafiq olaraq cavab zərbəsi endirmək üçün  özü müstəqil qərar qəbul edir. Bunun üçün müəlliflər təklif edirlər ki, qitələrarası ballistik raketlərin buraxılması üçün ölkə ərəzində mobil komplekslər yaradılmalı, müşahidə və kəşfiyyat işləri gücləndirilməlidir ki, ABŞ nüvə zərbəsini birinci endirə bilsin. Yaxud da başqa variant kimi, nüvə raketlərinin ölkənin mövqelərinə uçuşunu qısaltmaq olar, məsələn, düşmənin sərhədləri yaxınlığında orta mənzilli raketlər yerləşdirməklə.

Ekspertlər həmçinin süni intellektdən istifadə etməyin mümkün olduğunu da deyirlər, amma bir qədər ehtiyatla: çünki onların fikrincə, nəhayətdə insan süni inteellektə nəzarəti itirə bilər.

Müəlliflər əmindirlər ki, ABŞ-ın rəqibləri (mətndə Rusiya və Çinin adı çəkilir) nüvə silahları barədə cari razılaşmaların qorunub-saxlanmasında maraqlı deyillər və gələcək geostrateji quruluşun özləri təxmin elədikləri variantını inkişaf etdirirlər, bu isə yolverilməzdir.