Almaniyada türklərə və bütün əcnəbilərə ikili vətəndaşlıq hüququ veriləcək. Parlamentin təsdiq etdiyi qanuna görə, vətəndaş olmaq üçün ölkədə 5 il yaşamaq kifayət edəcək.
Qanun həmçinin mənşə ölkəsinin vətəndaşlığından imtina tələbini də aradan qaldırıb.
Almaniyada mühacirlərin uzun illərdir gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi parlament tərəfindən təsdiq olunub. “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun layihəsinin lehinə 382 səs verilib.
Xalq arasında “ikili vətəndaşlıq qanunu” kimi tanınan “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” ilə Almaniya vətəndaşlığını əldə etmək üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirilib.
Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endirilib.
İkili vətəndaşlıq imkanı tətbiq olunduğundan, əvvəllər qüvvədə olan və gəncləri 23 yaşına kimi valideynlərinin vətəndaşlığı və ya Almaniya vətəndaşlığı arasında seçim etməyə məcbur edən “opsiya modeli” tamamilə ləğv edilib.
Almaniyada doğulan uşaqlar, hətta Almaniya vətəndaşı olmasalar belə, əgər valideynlərindən biri ölkədə qanuni olaraq ən azı 5 il yaşayırsa, Almaniya vətəndaşlığını ala biləcəklər.
Alman vətəndaşlığını əldə etmək üçün şəxs həm də sosial yardım almadan özünü və himayəsində olanları dolandırmalıdır.
Qonaq işçi nəsli, yəni 1960-cı illərdə Almaniyaya gələn türk işçilər, son 2 ildə 20 ay tam ştatlı işləyən əcnəbilər və tam ştatlı işçilərin xarici həyat yoldaşları bundan azad ediləcək.
Alman vətəndaşlığı üçün yazılı imtahan tələbi də qonaq işçi nəsli üçün ləğv ediləcək.
Qeyd edək ki, qanunun aprel ayında qüvvəyə minməsi gözlənilir.