
Almaniyanın Daxili İşlər Nazirliyi ilə Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) 12 Azərbaycan vətəndaşı ilə bağlı məhkəmə qərarını icra edə bilməyib.
Fevralın 28-də Almaniyanın paytaxtı Berlindəki qaçqın yataqxanasında saxlanılan 12 azərbaycanlı sığınacaq axtaran barəsində “Dublin anlaşması”na əsasən, İtaliyaya göndərilmələri ilə bağlı qərar icra ediləcəkdi.
Paytaxtdakı deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları gecə saat 3 radələrində avtobusa mindirilərək hava limanına aparılıblar. Təxminən iki saat gözləyəndən sonra həmvətənlərimizə təyyarə reysinin ləğv olunduğu elan edilib.
Səbəb kimi isə BAMF-la İtaliyanın Miqrasiya İdarəsinin koronavirusa görə sığınacaq axtaranların göndərilməsinin qeyri-müəyyən vaxta dayandırılması ilə bağlı anlaşma göstərilib.
İtaliya hökumətinin indiyə kimi açıqladığı rəsmi rəqəmlərə görə, ölkədə 2 263 nəfər koronavirusa yoluxub. Onlardan 79-u həyatını itirib. Yunanıstandan sonra İtaliya da qaçqın və miqrant qəbulunu bir ay dayandırdığını elan edib.