Almaniya 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarıb

0
323

Almaniyada miqrasiya idarələrinə saxta sənəd təqdim edərək sığınacaq üçün müraciət edən 12 Azərbaycan vətəndaşı barəsində deportasiya qərarı çıxarılıb.

2015-2017-ci illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən 4-ü bir ailədən olmaqla ümumilikdə 12 Azərbaycan vətəndaşı haqqında ölkədən məcburi çıxarılma ilə bağlı idarə məhkəmələri qərar verib.

Əldə etdiyimiz məlumata görə, həmin şəxslərin sığınacaq statusu ala bilməmələrinə səbəb Almaniya miqrasiya orqanlarına təqdim etdikləri saxta sənədlər olub. Bu, sənədlərin həqiqiliyinin Azərbaycanın müvafiq dövlət orqanlarına verilən sorğu ilə araşdırılması zamanı ortaya çıxıb. Eyni zamanda bu sənədlərin hazırda Almaniyada istintaqı davam edən “Mühacir alveri”i işində adı hallanan şəxslərdən biri vasitəsi ilə əldə edildiyi müəyyən olunub.

Deportasiya ediləcək Azərbaycan vətəndaşları hazırda Almaniyanın Şimali Reyn-Vestfaliya və Bavariya əyalətində yaşayırlar.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən verilən məlumata görə, bu ilin noyabr ayında ümumilikdə 3 510 nəfərin qaçqın statusu üçün müraciəti federal idarənin yerli şöbələri tərəfindən rədd edilib.