Alimlər koronavirusa yoluxmanın təhlükəli nəticələri barədə xəbərdarlıq ediblər

0
668

Atipik pnevmoniya (SARS), donuz qripi və Yaxın Şərq respirator sindromu (MERS) epidemiyaları zamanı narkolepsiya, ensefalit, Giyen-Barre sindromuna yoluxan xəstələrin sayının artımı qeydə alınıb.

ABŞ-ın Kaliforniya Universitetinin alimləri xəbərdar ediblər ki, koronavirusa yoluxmuş şəxslər bir sıra psixonevroloji xəstəliklərlə üzləşə bilərlər. Müvafiq press-reliz ScienceDirect saytında yerləşdirilib.

Tədqiqatçıların fikrincə, ötən illərin təcrübəsi  göstərir ki, pandemiyalar ensefalopatiya, psixoz, sinir-əzələ disfunksiyası və s. tipli müxtəlif xəstəliklərlə müşayiət oluna bilərlər. Belə xəstəliklər yoluxmaya qalib gəlmiş şəxslərdə də müşahidə oluna bilər.

“COVID-19 həm ayrı-ayrı insanlar, həm də bütöv qruplar üçün əhəmiyyətli stress amilidir. Xəstəlikdən, ölümdən, qeyri-müəyyən gələcəkdən qorxulara yol açılıb”, – tədqiqat müəlliflərindən olan Süzi Honq bildirir.

Press-relizdə qeyd olunur ki, əvvəlki tədqiqatların nəticələri XVIII və XIX əsrlərdə olmuş qrip pandemiyalarından sonra psixonevroloji xəstəliklərin, həmçinin 1918-ci ildəki “ispan qripi” zamanı letargik ensefalit hallarının artdığını göstərir.

Bundan əlavə, atipik pnevmoniya (SARS), donuz qripi və Yaxın Şərq respirator sindromu (MERS) epidemiyaları zamanı narkolepsiya, ensefalit, Giyen-Barre sindromuna yoluxan xəstələrin sayının artımı qeydə alınıb.

“Artıq COVID-19 xəstələrində mərkəzi sinir sistemi ilə bağlı kəskin sindromlar barədə məlumatlar gəlməkdədir”, – Honq deyir.

Tədqiqatçılar qeyd edirlər ki, koronavirus pandemiyasının psixonevroloji nəticələri hələ ki məlum deyil. Lakin, onların fikrincə, bu nəticələr əhəmiyyətli ola bilər və çox illər ərzində özünü göstərə bilər.