Aleksandr Kupriyanov: “Azərbaycanda insanlar iş görürlər, sözləri havaya atmırlar”

0
554

Azərbaycanda tolerantlıq barədə az danışırlar, çox iş görürlər.

Bunu rusiyalı jurnalist, yazıçı, “Veçernyaya Moskva” qəzetinin baş redaktoru Aleksandr Kupriyanov deyib.

Bakıya səfərləri barədə danışan jurnalist Azərbaycan paytaxtından və insanların mehribanlığından heyranlıq ifadə edib:

“Sovet dövründə “Komsomolskaya pravda” qəzetinin müxbiri olaraq Bakıya ezamiyyətə gəlirdim. Bakı mənim üçün hər zaman cənub şəhəri, bir qədər dəlisov şəhər olub. 20 il sonra Polad Bülbüloğlu məni multikulturalizm məsələlərinə həsr olunmuş beynəlxalq konfransa dəvət etdi. Mən tamamilə fərqli bir şəhərə gəlmişdim. Bu, adi sahilyanı şəhər yox, yeni binaları olan işıqlı şəhərə çevrilmişdi. Fikirləşdim ki, bura Dubaya oxşayır”.

A.Kupriyanov qeyd edib ki, bu səfərdən sonra o, gördükləri barədə istehzalı reportaj yazıb:

“Polda Bülbüloğlu həmin materialı Prezident Administrasiyasında nümayiş etdirib. Orada mətni Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstəriblər. Bundan sonra məni rus pravoslav kilsəsinin açılışı üçün Prezidentin qəbuluna dəvət ediblər. Bu səfər zamanı mən dostlarım, Yuli və Mixail Qusman qardaşlarının köməyi ilə Qubada dağ yəhudilərinin icmasıni ziyarət etdim. Bu səfərdən sonra mən reportajlar seriyası yazdım. Bu reportajlara görə mən Heydər Əliyev mükafatına layiq görüldüm. Mən o adamı şəxsən tanımamışam, amma onun keçirdiyi iclaslarda iştirak etmişəm. Əlbəttə, Heydər Əliyev mütəfəkkir idi. Bu müdrik, sakit adamı başqa kiminləsə müqayisə etmək çətindir. Mənim üçün bu mükafatın laureatı olmaq böyük şərəfdir. Həm də mənə bu mükafatı redaksiyam yox, Azərbaycan səfirliyindən təqdim ediblər. Sözün düzü, mən bu barədə heç nə bilmirdim”.

Rusiyalı jurnalist Azərbaycanda multikulturalizm ənənələrini xüsusi qeyd edib:

“Bizim qərbli tərəfdaşlarımız tolerantlıq barədə, dünyanın necə dəyişməsi barədə danışanda, bu, başqa hekayədir. Azərbaycanda isə bu barədə az danışırlar, çox iş görürlər. “Multikulturalizm” adı verilən anlayış, orada fərqli növlərdə və vəziyyətlərdə mövcuddur. Orada həqiqətən də fərqli millətlərdən, hətta fərqli dinlərdən olan insanlar yan-yana yaşayır. Onlar təkcə mehriban və yanaşı yaşamır, həm də bir-birlərinə qonaq gedir, bir yerdə çox vaxt keçirir. Aydındır ki, məişət səviyyəsindən başqa, bunun əsasını təşkil edən dövlət siyasəti var. Bu, multikulturalizm siyasətidir. Bununla əlaqədar bədii sahədə də çox iş görülür: sərgilər, konsertlər. Açıq səma altında simfoniya musiqisi konserti çox gözəldir. Mədəniyyətlərin qarışmasının real təcəssümünü görmək olar. İnsanlar sadəcə iş görürlər, sözləri havaya atmırlar”.

A.Kupriyanov, həmçinin dünyadakı qəliz informasiya dövrünə də toxunub:

“Mən təkcə qəzet və elektron KİV nisbətini nəzərdə tutmuram. İndi dəyərlər, prioritetlər və istiqamətlər dəyişir. Dünya heç vaxt birqütblü olmayacaq, həmişə çoxqütblü olacaq. Multikulturalizm ideyaları təşviq olunacaq. Jurnalistin əsas məqsədi yeniliyi görmək, həqiqəti deməyə çalışmaqdır. Həqiqi yol bizim bir-birimizlə birgə yaşayacağımız, söhbət edəcəyimiz, çay içəcəyimiiz, mübahisə edəcəyimiz, müxtəlif problemlərdən danışacağımız, dünyanın gələcəyi barədə düşünəcəyimiz yoldur. Jurnalistlər bilməlidir ki, biz bir media ailəsiyik. Dünyada bizdən də çox şey asılıdır”