Ailə qurmaq barədə tövsiyələr

0
679

Müqəddəslərimiz pis qadının xüsusiyyətləri barədə fərqli fikirlər söyləmişlər.

Məsələn, Həzrət Mühəmməd Peyğəmbərin (s) bir hədisində “qadınların ən pisi mehriyyəsi çox olan, doğuşu çətin keçəndir” buyurduğu halda, Imam Cəfər Sadiq (ə) bir hədisdə mehriyyəsi çox olan və ərinin üzünə ağ olan qadını, başqa bir hədisdə isə dolanışığı rahat (yəni ünsiyyətcil və ya az xərc tələb edən) və doğuşu çətin olan qadını nəhs (bəd) qadın kimi dəyərləndirirdi (Biharül-ənvar, 103-cü cild, səh. 229-231). Üstəlik, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur hədislərinin birində deyilir: “Qadınların ən yaxşısı cəmalı gözəl, mehriyyəsi az olanıdır”. Göründüyü kimi, yuxarıdakı hədisləri ümumiləşdirərək, qadının müsbət xüsusiyyətlərini bu cür sıralaya bilərik:

a) ərinin üzünə ağ olmasın;

b) mehriyyəsi az olsun;

c) doğuşu rahat keçsin.

a) Qadının ərinə qarşı çıxmaması ailə xoşbəxtliyinin, rahat həyatın əsas şərtlərindəndir. Öz ərini incidən, qazandığından artıq pulu ondan tələb edən qadın Islam mənbələrində ciddi məzəmmət olunur. Ərinin narazılığına səbəb olan qadın hədislərdə lənətə layiq bilinir, onun heç bir ibadətinin (namaz və orucunun da) qəbul edilmədiyi buyurulur. Peyğəmbər buyurub ki, əgər qadın dünyanın bütün qızıl-gümüşünü qazanıb evə gətirsə, amma günlərin birində ərinə: “Sən kimsən axı? Bütün bunlar mənimdir” desə, bütün əməlləri (ibadətləri) zay olub gedər. Yalnız tövbə edib ərindən üzr istəməklə bu cəzadan xilas ola bilər. Həmçinin, Salmani-farsi Peyğəmbərdən rəvayət edirdi ki, əgər qadın öz ərinin boynuna minnət qoyub: “Sən mənim malımdan yeyirsən” desə, həmin mal-dövləti Allah yolunda sədəqə versə belə, yenə üzr istəyib ərini razı salmayınca Allah qəbul etməz (Məkarimül-əxlaq, I. 385).

Milli.Az islam.az-a istinadən bildirir ki, oxucuların diqqətinə çatdırırıq ki, bu kimi hədisləri kişilərin əzizlənməsi və ya qadınların mülkiyyət hüququnun inkarı kimi qəbul edənlərn fikri düzgün deyil. Sadəcə olaraq, kişinin qadına xərclədiyi pulları onun üzünə vurması hədislərdə necə tənqid edilirsə, qadının da eyni hərəkəti tənqid atəşinə tutulur. Mənbələrə diqqət yetirsək, kişilərə qadınlarla mehriban və dözümlü davranmaq barədə edilmiş tövsiyələr qadınlara kişiləri incitməmək barədə edilmiş tövsiyələrdən qat-qat çoxdur. Elə bu kifayət edər ki, Həzrət Mühəmməd Peyğəmbər (s) vida həccində zəruri bildiyi ən mühüm dini hökmləri son dəfə müsəlmanlara elan edərkən buyurmuşdu: “Sizə qadınlarla yaxşı davranmağı vəsiyyət edirəm. Onlar sizin üçün ən çətin işləri görürlər, özlərinin əmlakı yoxdur. Siz onları Allahın əmanəti kimi almısınız…”. Üstəlik, kişilərə həmişə tövsiyə edilir ki, qadının şıltaqlıqlarına dözsünlər. Arvadının pis xasiyyətinə səbr edib dözən kişi Allah yanında ən böyük mükafatlara layiq bilinir. Peyğəmbər buyururdu ki, hər kim arvadının pis xasiyyətinə səbr etsə, hər gecə-gündüzün əvəzində Allah ona Eyyub Peyğəmbərin (ə) bəlalara dözməklə qazandığı qədər savab verər).

Həzrət Mühəmməd Peyğəmbərin (s) dualarından biri də bu idi: “Ilahi! Qocalıq yaşından əvvəl məni qocaldan qadından Sənə pənah aparıram!” (Əl-Kafi, V, 326).

b) Qadına eyib gətirən ikinci cəhət mehriyyəsinin çox olmasıdır. Əlbəttə, mehriyyənin konkret məbləği dini hökmlərdə müəyyən edilməyib. Bu məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz qızı Fatiməni (ə) Əli ibn Əbu Talibə (ə) 500 dirhəm mehriyyə müqabilində ərə vermişdi. Həmçinin, Peyğəmbərin özünün də həyat yoldaşlarına adətən təqribən 400 dirhəm həcmində mehriyyə verdiyi barədə rəvayətlər var. Amma bunlar son hədd deyil və mehriyyənin məbləğini təyin etmək hüququ qadına məxsusdur. Hətta vaxtilə xəlifə Ömər ibn Xəttab yuxarıdakı misallara əsasən, mehriyyənin son həddini 400 dirhəm məbləğində təsbit etmək istədikdə qadınlar ona etiraz etmiş və hər bir qadının özü istədiyi qədər mehriyyə tələb etmək hüququna malik olduğunu söyləmişdilər; xəlifənin də bununla razılaşmaqdan və qadınlar qarşısında üzr istəməkdən başqa çarəsi qalmamışdı. Qeyd edək ki, 400 və ya 500 dirhəm o zaman üçün heç də böyük məbləğ deyildi və Əli (ə) bu pulu öz zirehini satmaqla əldə etmişdi.

Qadının alicənablığı bundadır ki, gələcək həyat yoldaşından çox böyük miqdarda mehriyyə istəməsin. Çünki bu zaman kişi özünü ağır bir basqı altında hiss edəcək. Bəzən qadınlar mehriyyə olaraq ağlasığmaz məbləğdə pul və ya mal tələb etməklə, əslində boşanmanı mümkünsüz etmək məqsədi güdürlər. Kişi mehriyyəni ödəmək gücündə olmadığı üçün, qadına talaq verə bilmir, onun bütün şıltaqlıqlarına dözməli olur. Islam ailədə hər şeydən əvvəl səmimyyəti əsas tutduğu üçün, bu halı qətiyyən bəyənmir.

c) Nəhayət, qadının üçüncü nöqsan cəhəti doğuşu çətin keçirməsi və ya hətta sonsuz olmasıdır. Dinimizdə ailə qurulmasının əsas səbəblərindən biri də oğul-uşaq sahibi olmaq sayılır. Təsadüfi deyil ki, övlad sahibi olmağa çox da meyllənməyən Qərb ailələrindən fərqli olaraq, Şərq ailəsini üşaqsız (özü də bir neçə uşaqsız) təsəvvür etmək çətindir. Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanlara evlənməyi və artıb-törəməyi tövsiyə edirdi. O həzrət buyururdu ki, qiyamət günündə mən öz ümmətimin sayının çoxluğu ilə digər peyğəmbərlərin qarşısında fəxr edəcəyəm. Buna görə də öz ərinə sağlam və nəcib övlad bəxş edən qadın Islamda yüksək qiymətləndirilir. Hətta tövsiyə edilir ki, kişi özünə həyat yoldaşı seçərkən, onun mənsub olduğu nəsildə qadınların oğul-uşaq sahibi olduğunu (yəni sonsuz olmadığını) araşdırsın.

Bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Mən öz əmim qızı ilə evlənmək istəyirəm. Onun gözəllyindən də, dinindən də razıyam. Amma bir eybi var ki, sonsuzdur”. (Ola bilər ki, həmin qadın bundan əvvəl ərdə olmuş və sonsuzluğu aşkara çıxıbmış). Peyğəmbər ona məsləhət görür ki, əmisi qızı ilə evlənmək fikrindən vaz keçsin. Sonra o həzrət keçmiş peyğəmbərlərin həyatından bir misal gətirir. Məlumdur ki, Yusif Peyğəmbərin (ə) qardaşı Benyamin Onu çox sevirdi. Digər qardaşları Yusifi (ə) kölə kimi satandan sonra Benyamin Onun ayrılığına çox üzülmüşdü. Illər ötdükdən sonra Həzrət Yusif (ə) qardaşları ilə görüşəndə Benyamindən soruşdu: “Necə oldu ki, mənim ayrılığıma dözdün, hətta özünə arvad da aldın?”. Benyamin cavab verdi: “Atamız Həzrət Yəqub (ə) mənə tapşırdı evlənim ki, övlad sahibi olum və yer üzündə Allahı ibadət edənlərin sayı artsın” (Əl-Kafi, V, 333).

Rəvayətə görə, Həzrət Əlinin (ə) qardaşı Əqil ərəblərin əsil-nəsəbini gözəl bilirdi; belə adamlara “nəssabə” deyirlər. Imam Əli (ə) Həzrət Fatimənin (ə) vəfatından bir müddət sonra Əqildən xahiş etdi ki, ərəb qəbilələrindən onun üçün evlənməyə bir qadın seçsin. Həzrət Əli (ə) gələcəkdə baş verəcək müharibələr zamanı şücaətli oğullara arxalanmaq istəyirdi. Ona görə qardaşından xahiş etdi: “Elə bir qadın seç ki, mənə şücaətli oğullar bəxş etsin”. Əqil Imama məsləhət gördü ki, Bəni-Kilab qəbiləsindən Fatimə bint Hizamla evlənsin; çünki onun nəsli igidlikdə məşhur idi. Fatimə bint Hizam Həzrət Əliyə (ə) dörd oğul bəxş etdi: şücaət nümunəsi olan Həzrət Əbülfəzl Abbas, Qasim, Cəfər və Osman. Bunların dördü də aşura günü Kərbəlada igidlik göstərib şəhid oldular. Fatimə bu oğullara görə “Ümmül-bənin” (yəni oğullar anası) künyəsini qazanmışdı.