Aİ ölkələrinin xarici işlər nazirləri bazar ertəsi Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını da müzakirə edəcəklər.
Bu barədə “RİA Novosti” yüksək səviyyəli Avropa mənbəsinə istinadən məlumat yayıb.
Öz növbəsində “İnterfaks” görüşə hazırlıqla bağlı materiallara istinadən qeyd edir ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrel Ermənistan-Azərbaycan nizamlanması mövzusunda təqdimatla çıxış edəcək.
Bundan əlavə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və 13-cü anti-Rusiya sanksiyalar paketini müzakirə edəcəklər.
Xatırladaq ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu yaxınlarda İrəvana səfər edib. O, Ermənistanın ali rəhbərliyi ilə danışıqlar aparıb, regional prosesləri, eləcə də İrəvanla Bakı arasında sülh prosesini müzakirə edib.