Ağlınızı qorumağa, ruhunuzu təmizləməyə tələsin

0
2552

İnsanın bu dünyada öyrəndikləri ona bu dünyada lazım olur. Ona görə də öyrənmək üçün tələsmək lazımdır. Öyrəndiklərimizdən bəhrələnmək üçün də. Ən əsası isə ruhumuzun bəhrələnməsidir, yəni təmizlənməsidir. Bəhrələnməyi təmizliklə bərabərləşdirməyimlə yanaşı, ruhumuzun hər zaman təmizliyə ehtiyacı olması fikrinə də etiraz edənlərin olacağına əminəm. Razılaşanların da həmçinin. Həyatda ruhumuzu zədələyən məqamların olduğunu görməyənlərə təəccüb edirəm, həm də təəssüf.
İnsan ağlı öz işinə başlayan gündən qəlbin istəkləri ilə mübarizəyə başlayır. Ağıl qəlbin istəklərini ruhun təmizliyini qoruyaraqmı həyata keçirir..? Əgər bu belə olmursa, onda ağıl deyilən məfhumu necə qiymətləndirmək lazımdır?
Mənim fikrimcə, ruhun təmizliyini təhlükə altında qoyan da məhz ağıl məfhumunun düzgün qavranılmamasıdır. İnsanların bir çoxu ağıl məfhumunu istəklərinin həyata keçirilməsi üçün vacib element hesab edir. Bu zaman ruhun təmiz qala bilməsinin vacibliyini heç düşünmürlər. Dilimizdə “Allahsız” sözünün işlənməsi də, yəqin ki, bu fikirdən qaynaqlanır. Bu zaman, yəqin ki, artıq ruhun təmizliyindən söhbət gedə bilməz.
Ağılın ruhun təmizliyinə xidmət etməsi bu qədərmi çətindir? Məncə çətinlik arzuların ruhun durumundan asılı olmasıdır. Ruhun durumu isə ağılın dediklərinin qəbul edib-etməməsindən. Ruh o zaman şeytana, daha doğrusu bədxah insan anlayışına çevrilir ki, ağlımızın dediklərini qəbul etmir. Bu isə istəklərimizin ehtiyaclardan daha artıq olması anlayışına gətirib çıxarır.
Ruhun təmizliyinə xidmət etməkdə çətinlik çəkən ağıl isə “ağılsız” anlayışını ortaya çıxarır.
Demək ağılsız insan Allahsızmı? Bu durumda Allaha inamın vacibliyi məsələsi ortaya çıxır. Bəli, demək ki, ağılsız insan Allahsızdır.
Etdiyimiz səhvlərdə günahkar ruhumuzmu, ağlımızmı deyə düşünmək və bir qərara gəlmək də həyatdakı yaşam problemlərimizi həll etmək iqtidarında deyil. Problemləri həll edən var olandır. Müvəqqəti varlıq olan canımız və ağlımız əbədi ruhun paklığı ilə mübarizə aparmalıdır.
Demək ki, ruhun təmizliyi üçün ağılın mübarizə aparması şərtdir. Bu mübarizəni ağılsız damğası ilə deyil, ağıllı hisslərə qalib gələcək səviyyəyə çatdırmaq üçün lazım olan bütün qabiliyyətlərin səfərbər olması gərəkdir.
İradəm yoxdur, deyib geri çəkilməyin.
Ruhunuzun təmizliyinə tələsin…
Ömrün sonu bəlli deyil…

Sənubər