Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində sanitar-karantin rejimi qaydalarının pozulduğu ictimai iaşə müəssisələri aşkar edilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının da iştirakı ilə keçirilən reyd zamanı karantin rejimi qaydalarına əməl etməyən, eləcə də, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan kafe, restoran və çayxanalar aşkarlanıb.
Polis və AQTA əməkdaşları sahibkarlar və icarədarlarla profilaktik söhbətlər aparıblar, tələblərə riayət etmələrinin həm özləri, həm də digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Həmçinin, gözəllik salonlarında, bərbərxanalarda, mağazalarda və digər qapalı məkanlarda da reydlər davam etdirilib. Polis əməkdaşları bəzi icarədarların, satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiklərini aşkarlayıblar.
Ümumilikdə, qaydaları pozduqları üçün iki çayxananın fəaliyyəti dayandırılıb, 11 şəxs barəsində inzibati tənbeh tədbirləri görülüb.