Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində əkin sahəsindən mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis Şöbəsinin, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina partladıcısı (MVÇ-62) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının ətrafında 2 000 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.