Heydər Əliyev Sarayında “Ağanatiq” komediyasının ikinci hissəsi təqdim edilib.
Bədii ekran əsərinin qala gecəsində bir çox incəsənət nümayəndələri və şou-biznesin parlaq ulduzları iştirak ediblər.
“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov filmdə iştirak edən aktyorları və ekran əsərinin kollektivini səhnəyə dəvət edərək bu layihəyə əvəzsiz töhfələr verən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra gurultulu alqış sədəları altında “Ağanatiq-2” filminin nümayişi başlayıb. Filmin əsas qəhrəmanı Ağanatiqi Əməkdar artist Cabir İmanov canlandırıb. Onunla birgə ekran əsərinə çəkilən Əməkdar artistlər Bəhram Bağırzadə, Ələkbər Əliyev və Tahir İmanov Moskvaya uçurlar. Məqsəd isə orada Əfqanıstan müharibəsində birlikdə xidmət etdikləri keçmiş əsgər yoldaşları ilə görüşməkdir.
Amma onlar Rusiyaya gələn kimi xoşagəlməz hadisələrlə üzləşirlər. İş o yerə çatır ki, hətta təyyarə belə qəhrəmanlar tərəfindən ələ keçirilir. Dava-dalaşın, atışmaların, intriqanın və zarafatlarla dolu səhnələrin yer aldığı ekran əsərində xalq artisti Tünzalə Ağayeva da rol alıb. Sənətçi filmdə tək aktrisa kimi oynamayıb, eyni zamanda ekran əsərinin “soundtrack”ını səsləndirib.
“Ağanatiq-2”-nin ssenarisi Tahir İmanov, Ələkbər Əliyev, Məmmədəli Kyazimov və Mütəllim Həsənov məxsusdur.
Quruluşçu operator Nadir Mehdiyev, səs rejissoru Rüstəm Məmmədov, prodüserlər Tahir İmanov və Cabir İmanovdur. Montaj Oqtay Ağamalıyev, xüsusi effektlər Natik Zeynalova məxsusdur. İcraçı prodüserlər isə Ənvər Mansurov və Mirsalam Mirsalamovdur.