Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda baş vermiş insidenlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri-Xalq artisti Ağadadaş Ağayev və “Medera” hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib.
Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib. İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı Ağadadaş Ağayevin vəkilləri Şəfa Camalzadə və Asim Abbasov saytımıza açıqlama verib. Vəkillər müvəkkillərinin ittihamları qəbul etmədiklərini deyiblər:
“Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və buna görə də ciddi həkim nəzarəti altında müalicəsi alır. Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü yəqin ki, ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”- deyə vəkillərin açıqlamasında qeyd olunub.