Vaşinqtonda, Ağ Evin yaxınlığındakı “Ellips” parkında bir kişi özünü yandırıb.
İnsident mayın 29-da, günorta vaxtı, prezident Donald Tramp administrasiya binasında olarkən baş verib.
Sosial şəbəkələrdə yayılmış kadrlarda paltarı yanan kişinin Ağ Ev və Kapitoli arasında yerləşən abidənin yanında çəmənliyə yıxıldığı görünür.
Hadisə şahidi 17 yaşlı Alina Berzin CNBC-yə belə məlumat verib:
“O yeriyirdi, polislər gələndə isə yıxıldı. Ətrafdakıların hamısı, o cümlədən mən də şoka düşmüşdük”.
Berzinin sözlərinə görə, hadisə yerinə dərhal polislər, helikopter və yanğınsöndürən maşınlar gəlib.
Hadisə yerinə ilk gələn polislər və xüsusi xidmət orqanlarının əməkdaşları yanan kişiyə ilk yardım göstərib, hospitala aparıblar. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Parkda xidmət göstərən polisin söylədiyinə görə, həmin şəxs Merilend ştatının Betesda şəhər sakini Arnav Qupta olub.
“Ellips” parkı Ağ Evin cənub tərəfində yerləşən böyük çəmənlikdən ibarətdir. Bu parkda turistlər prezidentin helikopterinin havaya qalxdığını müşahidə edə bilirlər. Ağ Evə yaxın olduğu üçün parkın ərazi gücləndirilmiş mühafizə altındadır.