Ağ Evdən Çinin ABŞ-a qarşı qisas almağa davam etdiyi təqdirdə, prezident Donald Trampın daha sərt cavab verəcəyi bildirilib.
Bununla bağlı Ağ Evin sözçüsü Karolin Leavitt açıqlama verib.
O, mediaya açıqlamasında Trampın Çinə qarşı tarifləri 125 faizə qaldıracağı məsələsinə toxunub:
“Çinə tətbiq edilən tariflər 125 faizə qədər artırılır, çünki Çin ehtiyatsızlıqdan ABŞ-dan qisas almaq qərarına gəlib. ABŞ-a zərbə vurulanda, Tramp da sərt şəkildə qarşılıq verəcək”.
Sözçü vurğulayıb ki, 75-dən çox ölkə Çinin cavab addımına görə ABŞ-la tarifləri müzakirə etmək üçün Ağ Ev və Ticarət Departamenti ilə əlaqə saxlayıb:
“Ölkələrlə özəl danışıqları davam etdirəcəyik. Bu danışıqlar davam edərkən, ikitərəfli tariflərdə 90 günlük fasilə olacaq və tarif səviyyəsi 10 faizə endiriləcək”.
Qeyd edək ki, Donald Tramp “Truth Social” sosial media hesabında Çin mənşəli məhsullar üçün gömrük rüsumunu 125 faiz artırdığını açıqlayıb.