AFFA türkdilli ölkələrin futbol assosiasiyaları ilə anlaşdı – FOTO

0
295

Bu gün türkdilli ölkələrin futbol assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

COVID-19 pandemiyası ilə əlaqədar imzalanma tədbiri videokonfrans formatında təşkil olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir, Macarıstan Futbol Federasiyasının (MFF) prezidenti Şandor Çanyi, Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilbəy Yaxşıbəyov, Qırğız Futbol İttifaqının prezidenti (QFİ) Qanadbəy Məmmədov, Türkmənistan Futbol Federasiyasının prezidenti Arslan Aynəzərov, Özbəkistan Futbol Assosiasiyasının (ÖFA) prezidenti Əbdülsalam Əzizov və Türk Şurasının baş katibi Bağdad Əmirəyev tərəfindən imzalanmış memorandum federasiyalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi prosesində təcrübə mübadiləsi və digər məsələləri özündə ehtiva edir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma tədbirində çıxış edib: “Hörmətli həmkarlar, əziz qardaşlar, dostlar! Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq. Bu memorandumun imzalanması AFFA üçün vacib hadisədir və əminik ki, bütün həmkarlarımız bundan məmnundur. Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır. Əlbəttə, çox istəyərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun. Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq. Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq. Bir daha hər birinizə təşəkkür edir, Anlaşma Memorandumunu imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”

Qeyd edək ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nın I vitse-prezidenti Sərvət Yardımcı və baş katib Kadir Kardaş, MFF-nın vitse-prezidenti Şandor Berzi, QFİ-nın vitse-prezidenti Dastanbəy Qonaqbəyov, ÖFA-nın vitse-prezidenti Rövşən İrmatov, Türk Şurası baş katibinin müavini Ömər Kocaman və layihə direktoru Ali Çivilər də iştirak edib.