ADMİU-nun Rəssamlıq fakültəsi II Milli Qurama Festivalında iştirak edib – VİDEO

0
291

Dekabrın 26-da İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb. Sərgidə milli qurama, tikmə sənətinin müasir incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş olunur.
Həmin rəssamlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq Fakültəsinin Dizayn və Dekorativ-Tətbiqi Sənət kafedrasının Baş müəllimi, Əməkdar rəssam Vüqar Əli də var. Belə ki, sərgidə Vüqar Əlinin müəllifi olduğu 10-a yaxın əsər nümayiş etdirilir.
Sərginin açılış mərasimində qeyd edilib ki, milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq işi olaraq bütün dünyada maraqla qarşılanır.
“Qurama Art” sərgisində nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq, heykəltəraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə hazırlanıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan sərgi Bakı Fotoqrafiya Evində gələn ilin yanvarın 9-dək davam edəcək.
Həmçinin, festival çərçivəsində ADMİU-nun Rəssamlıq fakültəsi geyim dizaynı ixtisası üzrə təhsil alan tələbələrinin əl işləri də nümayiş etdirilib. Rəssamlıq fakültəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Səfərovanın rəhbəri olduğu dəfilədə 40-a yaxın geyim tamaşaçılara təqdim olunub.
Sözügedən festivalda ADMİU-nun interyer dizayn ixtisasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnaz Mədətova və tələbələrinin hazırladıqları “Sərvətimiz” layihəsi də maraqla qarşılanıb.