Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ceyranbatan qəsəbəsində keçirilən tədbir zamanı Rövşən Rufullayevin işlətdiyi “Xançinar” restoranında müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi və daha 11 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Restoranın sahibi 3 000 manat, digər şəxslərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.