ABŞ təqvimində Azərbaycanın milli rəqsi

0
614

ABŞ-ın Milli Park Xidməti Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Məktəbinin tələbələrinin milli rəqsini öz aylıq təqviminin üz səhifəsində yerləşdirib.

Ölkəmizin bayrağı fonunda həmin rəqsin şəkli Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar Vaşinqtonda keçirilmiş şənliklər çərçivəsində Azərbaycan Məktəbi tələbələrinin Linkoln Memorialın qarşısında milli rəqsləri nümayiş etdirərkən bu ilin iyunun 8-də çəkilib.

Milli Park Xidməti belə təqvimlər vasitəsilə parklarda incəsənət və əyləncəli tədbirlər barədə geniş ictimaiyyətə və səfər edən turistlərə məlumat yayır. Azərbaycan Məktəbi tələbələrinin şəkli avqust ayı üzrə tədbirlər təqvimində yer alıb.

Xatırladaq ki, Milli Park Xidməti ABŞ-da ətraf mühiti, təbii resursları və mədəni irsi qorumağa məsul Daxili Məsələlər Departamentinə tabedir.

Qeyd edək ki, Azərbaycan Məktəbi 2017-ci ilin fevral ayında təsis edilib. Ölkəmizin ABŞ-dakı səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə bu qurumun nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə Azərbaycan dili və mədəniyyəti dərsləri keçirilir, rəqslər öyrədilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. Bundan başqa, məktəbin tələbələri müxtəlif mədəni tədbirlərdə çıxış etməklə Azərbaycan mədəniyyətini nümayiş etdirir.